Bir sıra Avropa ölkələri öz sərhədlərini qaçqınların üzünə bağlayır
Avropa ölkələrinin hökumətləri biri-birinin ardınca öz sərhədlərini qaçqınların üzünə bağlamaq niyyətində olduqlarını bəyan edirlər.
1news.az-ın Euronews telekanalına istinadla verdiyi xəbərə görə, Avstriyanın ardından Sloveniya da sərhəd üzərində nəzarəti gücləndirib, həmçinin qonşu Makedoniyaya mühacirləri sərhəddən buraxmağı dayandırmağı xahiş edib.Rəsmi Skopye bununla razılaşıb və mühacirlərə sərhədi keçməyi qadağan edib.
Daha bir Balkan ölkəsi – Serbiya isə yalnız tranzit yolu ilə Almaniya və Avstriyaya gedən mühacirləri buraxacağını bildirib. Bu arada Almaniya kansleri Angela Merkel qaçqınların qəbulu siyasətindən imtina etmək və hər-hansı bir limit qoymaq niyyətində deyil. Onun sözlərinə görə, haqqı olan hər bir kəs nəinki Almaniyada, həmçinin digər Avropa ölkələrində sığınacaq almalıdır.
Almaniya hökuməti mühacir axınından uzaq durmaq üçün sərhədləri bağlamaq cəhdlərinə görə Avropa İttifaqındakı tərəfdaşlarını sərt tənqid edib. Ölkənin vitse-kansleri Ziqmar Qabriel sərhədlərin bağlanacağı təqdirdə iqtisadi faciənin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Buna baxmayaraq, Avropaya doğru ilk mərhələ sayılan Yunanıstan adalarına mühacir axını ara vermir. Yanvarın 20-də Xios adası yaxınlığında onlarla əfqan qaçqının olduğu qayıq sahil mühafizəsi xidməti əməkdaşları tərəfindən xilas edilib.
1news.az