Unun qiymətini süni şəkildə artıran vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib
Bakı şəhərində fəaliyyət göstərən “Ballı Market”in vəzifəli şəxsləri tərəfindən unun qiymətinin süni şəkildə artırılması barədə İqtisadiyyat Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Bu haqda 1news.az Baş prokurorluğun mətbuat xidmətindən verilib.
İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Ballı Market”in rəhbəri Həsən Mayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mağazada satılan 50 kiloqramlıq un kisələrinin qiymətini süni surətdə artıraraq, həmin məhsulun ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanılıb, H.Mayılova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunub və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Həmçinin, bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə edilir.
1news.az