Tretyakov Qalereyasında görkəmli Azərbaycan rəssamı Tahir Salahovun sərgisi nümayiş olunub- FOTO- VİDEO
Moskvada, Dövlət Tretyakov Qalereyasında Azərbaycanın və Rusiyanın görkəmli rəssamı, SSRİ xalq rəssamı Tahir Salahovun “Günəş zirvədə” (“Солнце в зените”) adlı sərgisinın açılışı olub.
1news.az xəbər verir ki, Tretyakov Qalereyasının konfrans zalında keçirilən açılış mərasimində çıxış edən qalereyanın direktoru Zelfira Trequlova Tahir Salahovun həyat və yaradıcılığı barədə danışıb. Dünya şöhrətli rəssamın yaradıcılığına Rusiyada da böyük maraq olduğunu vurğulayan Z.Trequlova sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağına əminliyini ifadə edib. Qeyd olunub ki, Rusiya sənətsevərləri Tahir Salahov yaradıcılığı ilə təmasdan hər zaman böyük şərəf duyur və bu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Rusiya xalqlarının fəxri olan Tahir Salahovu böyük ustad adlandırıb. Bildirib ki, Tahir Salahov Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən bir şəxsiyyətdir və onun yaratdığı bütün əsərlər tarixə çevrilir.
Digər çıxış edənlər də bu sərgini Azərbaycan və Rusiya mədəniyyəti üçün tarixi hadisə adlandırıblar. Qeyd olunub ki, Tretyakov sərgi salonunda ilk dəfədir Azərbaycan rəssamının fərdi sərgisi açılır və bu sərgi bir daha görkəmli fırça ustası Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.
Xalq Rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirdib, əsərlərinin məşhur Tretyakov Qalereyasında nümayiş etdirilməsindən məmnunluğunu ifadə edərək deyib: “Mən əsərlərimdə reallığı əks etdirmişəm, çünki reallıq əsrlərlə yaşayır. Əsərlərimin qəhrəmanlarının hər birini şəxsən tanıyıram. Əminəm ki, bu reallıq və xatirə hər zaman aktuallığını qoruyacaq”.
Sərgidə Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də rəssamın Bakıdakı ev-muzeyinin ekspozisiyalarında və şəxsi kolleksiyalarda yer alan “Qara Qarayev”, “Aydan”, “Qırmızı istiotlarla natürmort”, “Xəzərdə səhər” və sair əsərləri nümayiş olunur.
Tretyakov qalereyasının 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.
AZƏRTAC