Elxan Məmmədov: “Kifayət qədər vəsait olmayan təqdirdə effektiv toplanışların Azərbaycanda keçirilməsi mümkündür”
AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə ilk dəfə keçirilən “CBC Sport Kuboku” turnirinin yekunları ilə bağlı açıqlama verib.
1news.az-ın Sportbox.az-a istinadən verdiyi xəbərə görə, baş katib açıqlamasında ilk öncə turnirin hansı zərurətdən keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib:
“Biz artıq ötən ildən əlavə turnirin keçirilməsi barədə müzakirələrə başlamışıq. Futbol Federasiyasının prezidenti məşqçilər komitəsi ilə birgə əlavə turnirin Azərbaycanda keçirilməsini müzakirə edib. Açığı, Azərbaycan çempionatının maraqlı oyunlarının intensivliyini əlavə etmək üçün bu turniri mart - aprel aylarında təşkil etmək planlaşdırılırdı. Lakin, hazırkı vəziyyəti nəzərə alaraq (manatın devalvasiyası - red.) bir çox klublar öz toplanışlarını xaricdə təşkil etməməyi nəzərdən keçirtdilər.
Bu mövzunu klublar komitəsi ilə müzakirə etdikdən sonra AFFA və PFL toplanışlarını Bakıda keçirən komandalar üçün yoldaşlıq turniri hazırlama prosesini nəzərdən keçirtdi. Bu ideya haqqında məlumat alan “CBC Sport” kanalı AFFA və PFL-in rəsmi icazəsini alaraq bu turnirin təşkilatçısı oldu və 5 komanda toplayaraq “CBC Sport Cup” adı altında çox dinamik, güclü bir yoldaşlıq turniri keçirtdi”.
Turnirin kifayət qədər uğurlu alındığını deyən baş katibin sözlərinə görə, bu oyunlar və ümumiyyətlə, bu turnir bir daha sübüt etdi ki, kifayət qədər vəsait olmayan təqdirdə effektiv toplanışların Azərbaycanda keçirilməsi də mümkündür.
E.Məmmədov xarici komandaların ölkəmizdə keçiriləcək toplanışlarda iştirakı üçün hər cür imkanın olmasını xüsusi vurğulayıb:
“Biz həmçinin kanal və PFL ilə xarici komandaların toplanışlarını Azərbaycanda keçirmələri ilə bağlı müzakirələr apardıq. Bəli, bəlkə də ilk il xarici komandalara yoldaşlıq turnirimizdə iştirak etmələri üçün əlverişli təkliflər etməliyik. Lakin, sonradan əgər uğurlu olarsa bir ildən sonra həmin komandalar özləri ölkəmizə gəlib qış toplanışları keçirtmək istəyəcəklər.
Düşünürəm ki, Rusiya, Gürcüstan və İran klubları Azərbaycan komandaları ilə oynamaq istəyərlər. Çünki son iki il ərzində avrokuboklarda biz həm Rusiya, həm də Gürcüstan komandaları ilə qarşılaşmışıq və kifayət qədər rəqabətli oyunlar aparmışıq. Nəqliyyat xərcləri baxımından da, qonşularımıza təlim-məşq toplanışlarını Azərbaycanda keçirtmək daha sərfəli olardı.
Yeri gəlmişkən bu, həmçinin paytaxtımızın xidmət sektorları üçün də faydalı olar, məsələn, otellərə, restoranlara, nəqliyyat şirkətlərinə və s. Bu turnirdə iştirak edən bütün klublara və bu tunirin təşkilatına görə “CBC Sport” kanalına təşəkkürümü bildirirəm”.
Məlumat üçün bildirək ki, Topaz Premyer Liqasının ikinci yarısına Bakıda hazırlaşan futbol klublarının iştirakı ilə keçirilən “CBC Sport Kuboku” turnirində 5 komanda – “Neftçi”, MOİK, “Neftçala”, AZAL və “Şərurspor” klubları iştirak edib.
Turnirin qalibi isə son oyunda “Şərurspor”u 3:2 hesabı ilə məğlub edən “Neftçi” olub. AZAL 2-ci, MOİK 3-cü, “Neftçala” 4-cü olub. “Şərurspor” isə turniri sonuncu – 5-ci sırada tamamlayıb.
1news.az