Misirdə “25 yanvar inqilabı”nın beşinci ildönümü qeyd edilir
Bu gün Misirdə xalq üsyanının beşinci ildönümü qeyd edilir.
2011-ci il yanvarın 25-də başlanmış üsyan nəticəsində ölkənin çoxillik lideri Hüsni Mübarək prezident vəzifəsindən istefa verməyə məcbur oldu. Misirlilərin taleyində tarixi dönüş nöqtəsi olmuş bu üsyanın şərəfinə 25 yanvar günü ölkədə milli bayram elan edilib.
Bu gün Qahirədə təhlükəsizlik tədbirləri gücləndirilib, xüsusən Təhrir meydanında və insanların kütləvi şəkildə toplaşdığı başqa məkanlarda ordu və polis səfərbər edilib.
Ölkə prezidenti Əbdülfəttah əs-Sisi “25 yanvar inqilabı”nın ildönümü münasibətilə xalqa müraciətində Misir naminə, Misir xalqının firavanlığı naminə canlarından keçmiş inqilab şəhidlərinin xatirəsinə hörmət və ehtiramını bildirib.
Xatırladaq ki, xalq iğtişaşları dinc nümayişlərdən başlanmışdı. Nümayişçilərin əsas tələbi Hüsni Mübarəkin istefa verməsi idi. 2011-ci il fevralın 11-də bu tələb təmin edildi və hakimiyyət Silahlı Qüvvələrin Ali Şurasına verildi. 2012-ci ilin iyun ayında “Müsəlman qardaşlar” assosiasiyasının namizədi Məhəmməd Mürsi Misirin prezidenti seçildi. 2013-cü il iyul ayında xalqın etiraz dalğası fonunda Misir ordusu Mürsini hakimiyyətdən kənarlaşdırdı və ölkədə keçid dövrü elan edildi.
2014-cü il mayın 26-28-də Misirdə prezident seçkiləri keçirildi. Bu seçkilərdə sabiq müdafiə naziri Əbdülfəttah əs-Sisi inamlı qələbə qazandı.
AZƏRTAC