Azərbaycanla Yaponiya arasında birbaşa yükdaşıma reysi açılıb
“Silk Way West Airlines” aviaşirkəti Bakı və Yaponiyanın Komatsu şəhəri arasında birbaşa yükdaşıma reysi açıb.
“Silk Way Airlines” aviaşirkətinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından Komatsu hava limanına birbaşa reys cari ilin 24 yanvar tarixində həyata keçirilib və təyyarənin göyərtəsində 34 ton kommersiya yükü daşınıb.
Komatsu hava limanına təyyarənin gəlişindən dərhal sonra Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadənin iştirakı ilə İşikava prefekturası tərəfindən təşkil olunan təntənəli mərasim keçirilib.
“Silk Way West Airlines” aviaşirkətinin bu marşrut üzrə müntəzəm uçuşları ən müasir yük təyyarələrinin biri - Boeing 747-8F Freighter ilə həftədə iki dəfə həyata keçiriləcək.
Qeyd edək ki, “Silk Way West Airlines” aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına 3 Вoeing 747-8F və 2 Вoeing 747-400F təyyarəsi daxildir.
2016-cı ilin ikinci-üçüncü rübündə daha iki B747-8F təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 7-ə yüksələcək. İki yeni avialaynerin tədarük edilməsi aviaşirkətə uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.
“Silk Way West Airlines” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.
1news.az