Prezident İlham Əliyev Gəncədə avtomobil yolunun tikintisinə 12 milyon manat ayırdı
Prezident İlham Əliyev Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2016-cı il .
1news.az