Mərkəzi Bank uçot dərəcəsini 7 faizə qaldırıb
Dayanıqlı makroiqtisadi sabitliyin təmin olunması, o cümlədən milli valyutadan yığım vasitəsi kimi daha geniş istifadənin təşviqi, pul-maliyyə bazarlarının inkişafı istiqamətində son vaxtlar ardıcıl tədbirlər görülməkdədir.
Mərkəzi Bankdan 1news.az-a verilən məlumata görə, dövlət qiymətli kağızlarının yüksək gəlirliklə yerləşdirilməsi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin isə daha yüksək səviyyədə müəyyən olunması manata etimadın gücləndirilməsinə yönəlib.
Makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yenimeyilləri nəzərə alaraq, Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib.
İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanılıb.
Eyni zamanda qərara alınıb ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın.
Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilib, müvafiq normativ baza hazırlanıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, 2016-cı ilin fevralın 15-də uçot dərəcəsi 5% səviyyəsində təyin edilmişdi.
Bundan əvvəl Azərbaycanda uçot dərəcəsi 2015-ci ilin iyulunda dəyişmişdi. Həmin vaxt uçot dərəcəsi3,5%-dən 3%-ə endililmişdi.
Qeyd edək ki, uçot dərəcəsi – bu, Mərkəzi Bankın kommersiya banklarına kreditlər üzrə faiz dərəcəsidir. İqtisadi şəraiti tənzimləyərək Mərkəzi Bank uçot dərəcəsini həm artıra, həm də azalda bilər.Eləcə də buna uyğun olaraq pul kütləsini də həmçinin – həm artıra, həm də azalda bilər.
Uçot dərəcəsinin azalması ilə Mərkəzi Bankın kommersiya bankları tərəfindən pul tələbatı artır. Kommersiya bankları daha çox kredit götürür ki, bunun müqabilində onların maliyyə imkanları da artır. Əgər uçot dərəcəsi azalırsa, o zaman kommersiya bankları tərəfindən pul tələbatı da əksinə olaraq azalır.
Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin dəyişməsi – artması və ya azalması bazar iqtisadiyyatının nəzəriyyə və praktikasında “bahalı” və “ucuz” pul siyasəti adlanır.
“Bahalı” pul siyasəti (uçot dərəcəsi artırılanda) hökumət inflasiyanı azaltmaq istədiyi zaman həyata keçirir. “Ucuz” pul siyasəti (uçot dərəcəsi azalanda)hökumət hasilatın zəifləməsi, daha çox struktur dəyişikliyi zamanı müəssisənin dəstəklənməsi zamanı həyata keçirilir. Buna görə, “ucuz” pul siyasətini həmçinin “inflasiya kreditləşməsi siyasəti” də adlandırırlar.
Uçot dərəcəsinin artırılması inflasiya ilə mübarizədə ən güclü vasitə hesab olunur. Lakin eyni zamanda bu, istehsalatın ixtisarına da gətirib çıxara bilər.
1news.az