Suriya: faciələr fonunda ikili standartların yeni səhifələri – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Suriya: faciələr fonunda ikili standartların yeni səhifələri – Newtimes.az

17:33 - 07 / 03 / 2016
Suriya: faciələr fonunda ikili standartların yeni səhifələri – Newtimes.az

Yaxın Şərqdə ixtilafların daha da dərinləşməsi dünya birliyini narahat edir. Münxen təhlükəsizlik konfransında Suriyada atəşkəsə nail olmaq qərarının alınması ümidləri artırmışdı. Ancaq reallıqda proseslər başqa istiqamətdə inkişaf edir. İndi ekspertləri Türkiyə-Suriya sərhədində yaranmış ağır vəziyyət daha çox düşündürür.

Suriyada fəaliyyət göstərən silahlı qruplar arasında gedən müharibə daha da şiddətlənir. Ankarada baş verən terror hadisəsi təhlükələrin azalmadığını göstərdi. Böyük dövlətlər tərəfindən isə yaranmış ağır durumdan çıxmaq üçün ortaq fəaliyyətin göstərilməsi müşahidə olunmur. Onlar əvvəlki kimi öz geosiyasi maraqlarının təmin edilməsinə çalışırlar. İkili standartlar siyasəti davam etməkdədir. Bunların fonunda müsəlman ölkələrinin təhlükəsizliyi məsələsi daha da aktuallaşır.

Ziddiyyətli bəyanatlar: reallıq hissinin itirilməsi

Danışıqlar nəticəsində Suriyada gərginliyin azala biləcəyi gözlənilirdi. Münxen təhlükəsizlik konfransında həmin ölkədə atəşkəsə nail olmaqla əlaqədar əldə olunan razılıq da müəyyən ümid yaratmışdı. Silahların susdurulmasına fevralın 19-dan başlanılmalı idi. Lakin, əslində, xeyli dərəcədə fərqli bir vəziyyət formalaşıb.

Hərbi əməliyyatlar Suriyada nəinki davam edir, hətta oradakı bir sıra silahlı qruplar yeni ərazilər zəbt etməkdədirlər. Kürdlərin PYD ("Demokratik birlik partiyası") adlanan təşkilatının silahlı qanadı YPG ("Xalq özünümüdafiə birləşmələri") Rusiyanın havadan dəstəyi sayəsində Azaz və Tal-Rifat qəsəbələrini ələ keçirib. Bu, Türkiyəni çox narahat edib. Qərb dövlətləri də kürd silahlı qruplarının "yeni ərazilər zəbt etməsinin qayğıverici olduğunu" bildiriblər (məsələn, ABŞ prezidenti bu fikri söyləyib, bax: Obama'dan Erdoğan'a taziye telefonu / "Habertürk", 19 fevral 2016).

Fevralın 17-də Ankarada baş verən terror hadisəsi vəziyyəti daha da kəskinləşdirib. Bir çox ölkələr onu qınayıb. Hüquq-mühafizə orqanları terroru PKK-PYD cütlüyünün törətdiyini sübut edən dəlillər əldə etdiklərini bəyanlayıblar. Lakin bu, ABŞ-ın və başqa Qərb dövlətlərinin Suriya məsələsinə olan yanaşmasında dəyişiklik etməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner fevralın 20-də keçirdiyi mətbuat konfransında bildirib ki, Vaşinqtonun PYD ilə bağlı mövqeyində dəyişiklik yoxdur. Bu təşkilatı Amerika İŞİD-ə qarşı vuruşan qrupun mühüm tərkib hissəsi hesab edir (bax: ABD Sözcüsü Toner'dan YPG açıklaması / "Habertürk", 20 fevral 2016).

Maraqlıdır ki, Türkiyə mətbuatının bundan cəmi bir gün əvvəl yaydığı informasiyaya görə, ABŞ dövlət katibi Con Kerri xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında PYD-yə inanmadıqlarını bildirib (bax: Dışişleri Bakanı Çavuşoğlu: Kerry'nin YPG’nin güvenilmez olduğunu söylemesinden memnun olduk / "Anadolu Ajansı", 19 fevral 2016).

Bunlar Suriya ətrafında yaranmış mürəkkəb və ziddiyyətli vəziyyətin davam etdiyini təsdiq edir. Rusiya da BMT TŞ-yə Türkiyə-Suriya sərhədində meydana gəlmiş gərginlikdə Ankaranı ittiham edən sənəd təqdim edib. Təhlükəsizlik Şurasının 6 üzvü, o cümlədən veto hüququna malik ABŞ, Fransa və Böyük Britaniya sənədi dəstəkləməkdən imtina edib. Rəsmi Moskva bu hadisənin regionda daha kəskin problemlərin meydana gəlməsinə yol açacağını bəyan edib.

Kreml hesab edir ki, Türkiyə ordusunun Azaz və Tal-Rifatı atəşə tutması beynəlxalq qanunlara uyğun deyil və terrora qarşı mübarizədə problemlər yaradır, hətta münaqişənin xeyli uzanması təhlükəsini meydana gətirir. Rusiya Federasiya Şurası Beynəlxalq işlər komitəsinin başçısı Konstantin Kosaçevin fikrinə görə isə "Suriya-Türkiyə sərhədində bu gün böyük miqyaslı (qlobal səviyyəyədək) münaqişəyə səbəb ola biləcək hadisələr baş verir (bax: Косачев о решении СБ ООН по проекту РФ: у Запада избирательный подход / "РИА Новости", 20 fevral 2016).

Rusiyalı analitiklər Türkiyə üçün çətin situasiyanın meydana gəldiyindən bəhs edirlər. "Россия в глобальной политике" jurnalının baş redaktoru Fyodor Lukyanov ifadə edir ki, "Türkiyə çox ağır duruma düşüb və... küncə sıxışdırılıb" (bax: Аналитики: решение СБ ООН по САР ухудшит ситуацию на границе с Турцией / "РИА Новости", 20 fevral 2016).

İslamofobiya yeni miqyasda: ikinci cəbhə ehtimalı

Bütün bunların fonunda ekspertlər Cenevrədə Suriyada atəşkəsin təmin edilməsi ilə bağlı görüşlərin başlamasına ümidlə baxmırlar. Onlar hələlik buna nail olma mexanizminin aydın olmadığını deyirlər. Əslində, hazırkı mürəkkəb vəziyyəti nəzərə alsaq, tezliklə silahların susdurulması ehtimalının minimal həddə olduğunu söyləyə bilərik. Hətta Rusiya Bəşər Əsədin "qalibiyyətə qədər vuruşacağam" deməsinə etirazını bildirib. Moskvanın BMT-dəki təmsilçisi Vitali Çurkin bu mövqenin Kremlin məsələ ilə bağlı diplomatik cəhdlərinə uyğun gəlmədiyini bəyan edib.

ABŞ başda olmaqla Qərb dövlətlərinin sözdə deyil, əməldə tutduqları mövqe də çox maraqlıdır. Belə təəssürat yaranır ki, onlar Suriyada da ikili standartlara uyğun davranır, gah bu, gah da digər tərəfi müdafiə edən qarışıq bəyanatlar verir, lakin real olaraq terroru dayandıran addımlar atmırlar. Bir növ İŞİD-lə mübarizə adı altında ziddiyyətli işlər aparılır. Nəticədə, bütövlükdə müsəlman aləmi üçün təhlükəli bir geosiyasi mənzərə yaranmaqdadır.

Belə görünür ki, dünyanın böyük dövlətləri Yaxın Şərqdə ixtilafların dərinləşməsi və genişlənməsinə yaşıl işıq yandırıblar. İndiki reallıq bu prosesin intensiv şəkildə davam etdiyini göstərir. Bölgənin elə bir dövləti yoxdur ki, bu və ya digər dərəcədə münaqişəyə qarışmasın. Hazırkı mərhələdə bu daha çox Türkiyəni silkələyir. Ancaq sabah İran, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və başqa region ölkələrinin eyni vəziyyətə düşməyəcəyinə kim təminat verə bilər?

Əksinə, indi müşahidə edilən proseslərin daxili inkişaf məntiqinə nəzər saldıqda, hadisələrin məhz həmin istiqamətdə geniş yayılma ehtimalının az olmadığı qənaətinə gəlmək olar. Bu zaman Qərb ölkələri yalnız qırıcılarla bombalamaq, müəyyən qədər humanitar yardımlar etmək və külli miqdarda silah satmaqla proseslərdə iştirak edirlər.

Yalnız Rusiya və İran nədənsə daha geniş miqyasda proseslərə müdaxilə etməkdədirlər ki, strateji aspektdə də bunun zərərini görməyə çox yaxındırlar. Çünki onların iqtisadi vəziyyəti ürəkaçan deyil və eyni zamanda, münaqişənin birbaşa iştirakçısı kimi müəyyən terror qruplarının hədəfinə çevrilə bilərlər. Bu haqda ekspertlər artıq fikir bildirirlər.

Təbii ki, bu, arzuolunan hal deyil. Çünki Yaxın Şərqlə yanaşı, Qafqazda da vəziyyət gərginləşə bilər. Məqbul variant Suriya probleminin danışıqlar yolu ilə həll edilməsi olardı. Eyni zamanda, Qərb dövlətlərinin bu dərəcədə ikili standartlar siyasətinə üstünlük verməsi çox düşündürücüdür. Buradan birbaşa islamofobiya iyi gəlir. İnkişaf edən müsəlman ölkələrinin hər hansı bəhanə ilə ixtilaflar içinə salınıb, zəiflədilməsi strategiyası özünü göstərir. O cümlədən hazırda sanksiyalardan yaxa qurtarmış İran, sürətlə inkişaf edən Türkiyə və böyük potensiala malik Səudiyyə Ərəbistanı ətrafında aparılan oyunlar narahatlıq doğurur. Görünür, müsəlman dövlətləri bir daha xarici siyasətlərinə göz gəzdirməli və ortaq fəaliyyət modelini tapmalıdırlar.

Suriya daxilində də normal vəziyyətin yaxın vaxtlarda yaranmasına inanmaq çox çətindir. Orada müsəlmanın müsəlmanı qətlə yetirməsi, təəssüf ki, davam edəcək. Kənardan kimin tərəfindən idarə olunmasından asılı olmayaraq, bu, nə Suriyanın, nə istənilən müsəlman ölkəsinin, nə də ümumən insanlığın xeyrinə deyil. Dolaşıq bəyanatlar verən Vaşinqtonla Brüssel, hava zərbələri endirən Moskva sülhü yaxınlaşdırmırlar.

Əksinə, bu dairələr "Suriyada milli maraqlarımızı təmin edirik" kimi ifadələr işlətməklə vəziyyəti daha da gərginləşdirirlər. Qəribədir ki, "sərhədlərinizdən 10 min kilometrlərlə uzaqda olan bir ölkədə hansı milli maraqlarınız ola bilər", – deyə onlardan izahat tələb edən yoxdur. Müsəlman dövlətlərinin birlikdə bu sualı verməsi zamanı çatmayıbmı? Yoxsa indi Suriyada yaşanan insanlıq dramının bütün İslam aləminə yayılmasınımı gözləyirlər?

Newtimes.az

Paylaş:
982

Son xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32
Bütün xəbərlər