“Süddeutsche Zeitung”: Ermənistanda siyasi məhbusların vəziyyəti ağırdır
“Süddeutsche Zeitung” qəzetində dərc olunmuş “40 kişi, səkkiz çarpayı və sıfır pəncərə” başlıqlı məqalədə Ermənistanda məhbusların ağır vəziyyətindən bəhs olunur.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalədə Sahak N. kimi təqdim olunan bir erməninin Ermənistana ekstradisiya edilməsi və orada həbsxanada gördüyü dəhşətlər barədə məlumat verilir.
Ermənistandakı müxalifət fəaliyyətinə görə təqib olunan Sahak N. Almaniyaya gələrək, burada siyasi sığınacaq almaq üçün müraciət edib. O, 2008-ci ildə prezident seçkiləri zamanı Ter-Petrosyana dəstək verdiyi üçün təqib olunduğunu və haqqında uydurma fırıldaqçılıq ittihamı ilə cinayət işi qaldırıldığını iddia edib. Yaşıllar partiyasından olan alman deputat Akermanın Ermənistan həbsxanalarında işgəncə hallarının olması barədə xəbərdarlığına baxmayaraq, Almaniya hökuməti 2013-cü ildə Sahakı Ermənistan tərəfinə ekstradisiya edib.
Sahak Ermənistan həbsxanasındakı dözülməz vəziyyəti təsvir edib, pəncərəsiz otaqda 40-a yaxın məhbusun qaldığını, ayda cəmi bir dəfə duş almağa icazə verildiyini, otaqdakı məhbusların arasında ölüm hallarının olduğunu, həbsxanada mafiya sisteminin mövcud olduğunu bildirib. Onun təqsiri məhkəmədə sübuta yetirilə bilmədiyi üçün Sahak sərbəst buraxılıb və o, yenidən həyat yoldaşının yaşadığı Almaniyaya gəlib.
Hazırda Sahak siyasi sığınacaq almaq üçün gözləyir. O, Ermənistan hüquq-mühafizə orqanlarının onu qaytarmaq üçün yenidən cəhd edəcəyini də istisna etmir, ona görə də vəkili hazırda Ermənistanın Almaniya orqanları tərəfindən hüquqi dövlət hesab edilməməsi üçün addımlar atmağa hazırlaşır.
1news.az