Türkiyənin Hopa limanına TANAP üçün 16 gəmi ilə 2 min 603 boru daşınıb
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) üçün bu vaxtadək Hopa limanına 16 gəmi ilə 2 min 603 boru daşınıb.
1news.az denizhaber.com.tr saytına istinadən xəbər verir ki, bu barədə Hopa limanının baş direktoru Meriç Burçin Özer məlumat verib. O bildirib ki, 2015-ci ildə limana 12 gəmi ilə ümumi çəkisi 19 min 746 ton olan 2 min 111 ədəd boru gətirilib. Bu ilin ilk 3 ayında isə Hopa limanına 4 gəmi ilə ümumi çəkisi 4 min 492 ton olan 492 ədəd boru çatdırılıb. Beləliklə indiyədək limana TANAP üçün 16 gəmi ilə 2 min 603 boru daşınıb.
Hopa limanının baş direktoru qarşıdakı aylarda da yeni gəmilərlə boruların gəlməyə davam edəcəyini deyib: “Limanın ərazisində saxlanılan borular TANAP-ın Qars vilayətindəki tikinti sahələrinə quru yolu ilə aparılır və bu işlər hazırda da davam etdirilir”.
Qeyd edək ki, TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin gələcəkdə illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri 10 milyard dollar qiymətləndirilir. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.
TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
1news.az