Fransa polisi etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllə işlədib
Əmək qanunvericilində islahatlara etiraz edən bir neçə yüz parisli ötən gecə Baş nazir Manuel Valsın evinə yaxınlaşmağa cəhd göstərib. Bu barədə AFP agentliyi məlumat yayıb.
Hadisə zamanı Baş nazir iqamətgahında olmayıb. O, Əlcəzairdə səfərdədir.
Etirazçılar yaxınlıqdakı mağazanın vitrinlərini, bankomatları sındırıblar. Polis bölməsinə butulka və daş atılıb, polis maşınları yandırılıb. Qanun keşikçiləri gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Səkkiz nəfər saxlanılıb.
Əmək məcəlləsində islahatlar layihəsi əleyhinə nümayişlər Parislə yanaşı, ölkənin bir çox şəhərlərini də əhatə edib. Nant və Ren şəhərlərində polislə qarşıdurmalar baş verib. Asayiş keşikçiləri iğtişaşların qarşısını almaq üçün gözyaşardıcı qaza və rezin gülləyə əl atmalı olub, 27 nəfər saxlanılıb. Bir neçə polis əməkdaşı xəsarət alıb.
Hökumət əleyhinə nümayişlərdə 100 mindən çox insanın iştirak etdiyi bildirilir.