“Ağıllı” çətir yağışdan əvvəl xəbərdarlıq edəcək
“Wezzoo” şirkəti “Oombrella” adlanan smart çətir hazırlayıb. Daxilində temperaturu, təzyiqi, rütubəti və işıqlandırmanı ölçən ötürücülərdən istifadə olunan qurğu miniatür meteostansiya hesab edilir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, çətir yağış yağacağı barədə xəbərdarlıq edərək evdən çıxanda onu götürməyi unutmamağı xatırladacaq.
“Oombrella”, həmçinin dünyada istifadəçi sayı 200 min nəfər təşkil edən “Wezzoo” sosial şəbəkəsinə qoşulub. Xidmətin mahiyyəti ondan ibarətdir ki, çətirlər hava şəraitinin dəyişməsi haqqında informasiya mübadiləsi edirlər. Odur ki, yaxınlıqda yağış başlayan zaman istifadəçi bu barədə avtomatik məlumat alacaq. Bundan başqa, “Oombrella”da çətiri itirməməyə kömək edən bildiriş funksiyası ilə təchiz edilib.
Smartfonlar üçün mobil əlavələrdə digər istifadəçilərin məlumatları əsasında hava haqqında məlumatla, eləcə də şəxsi statistika ilə tanış olmaq mümkündür. Həmçinin “Oombrella”nın tutacağı zəng və ya bildiriş gələn zaman yanıb-sönür.
Sifariş qiyməti 75 dollar təşkil edən çətiri üç rəngdə əldə etmək mümkündür.
1news.az