Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb - YENİLƏNİB
Aprelin 16-da gecə Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.
Bunu bu gün Ekvador prezidenti Rafael Korrea bəyan edib.
Dövlət orqanlarının məlumatına görə, faciə nəticəsində 1500-dən çox insan xəsarət alıb.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
13:31
Aprelin 16-da gecə Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində azı 77 nəfər həlak olub.
Ölkənin vitse-prezidenti Xorge Qlas təxminən 600 nəfərin yaralandığını və ölənlərin sayının artması ehtimalının yüksək olduğunu bildirib. Ölkənin altı əyalətində fövqəladə vəziyyət rejimi hələ də qüvvədə qalır.
Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi gözlənilən sunami təhlükəsinin artıq sovuşduğunu bəyan edib. Buna görə də Xorge Qlas sunami təhlükəsi ilə əlaqədar evlərini tərk edən vətəndaşları geri qayıtmağa çağırıb.
Zəlzələdən dərhal sonra Ekvador Daxili İşlər Nazirliyi dəniz sahilinə yaxın ərazilərin 72 saat ərzində əhali üçün qapalı olduğunu elan edib. Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə 10 min əsgər və 3500 polis cəlb edib. Ölkədə fəaliyyət göstərən mobil operatorlar isə müştərilərinin qısa mesaj xidmətindən pulsuz istifadə edə biləcəkləri barədə məlumat yayıb.
Ekvadorda çoxlu insan tələfatı ilə nəticələnən sonuncu güclü zəlzələ 1987-ci ildə baş vermişdi. Həmin vaxt 7,2 bal gücündəki zəlzələ min nəfərin ölümünə səbəb olmuşdu.
10:37
Ekvadorda güclü zəlzələ nəticəsində 28 nəfər ölüb.
Bu barədə ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib.
Onun sözlərinə görə, 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb.
Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.
10:00
Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzinin məlumatında bildirilir.
Zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 kilometr cənub-şərqdə yerləşib. Təkanlar 19,2 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə zamanı dağıntılar baş verib, paytaxt Kitonun elektrik enerjisi ilə təchizatı qismən dayandırılıb.
Güclü zəlzələ nəticəsində ölənləri sayı müəyyənləşdirilir.