ADNSU-da Respublika Günü qeyd olunub - FOTO
ADNSU-da 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
ADNSU-nun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən rektor, professor Mustafa Babanlı 1918-ci ildə yaradılmış ADR-in Azərbaycanın tarixində tutduğu əhəmiyyətli mövqeyindən danışıb. “Əfsuslar olsun ki, Azərbaycan Demokratik Respublikası 23 ay mövcud ola bildi və Azərbaycan yenidən imperiyanın tərkibinə düşdü”, - deyə qeyd edən rektor ölkəmizin müstəqilliyə bir də uzun illərdən sonra – 1991-ci ildə yenidən qovuşduğunu bildirib. 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın bir çox çətinliklərlə üzləşdiyini söyləyən rektor 1993-1996-cı illərdə ölkədə sabitliyin yaradılması, iqtisadiyyatın bərpası naminə mübarizə dövrü olduğunu qeyd edərək 1996-cı ilin sonu, 1997-ci ilin əvvəlindən etibarən görülən işlər öz nəticəsini verməyə başladı.
M.Babanlı Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük uğurun stabillik olduğunu söyləyib və əlavə edib ki, məhz stabilliyin sayəsində Azərbaycan beynəlxalq neft layihələrinə imza atmaqla iqtisadiyyatın inkişafına nail ola bilib. ADR dövründə ölkədə 27 ali təhsilli şəxsin olduğunu diqqətə çatdıran rektor, hazırda respublikada dərin biliklərə malik akademik və professor ordusunun olduğunu söyləyərək, bütün bunların Azərbaycanın müstəqillik qazanması sayəsində gerçəkliyə çevrildiyini vurğulayıb. Bununla belə o, hazırda təhsilin səviyyəsinin ölkənin inkişaf səviyyəsindən geridə olduğunu da qeyd edib və bildirib ki, əslində cəmiyyətin, ölkənin daha yüksək tərəqqiyə nail olması üçün təhsilin səviyyəsi daha yüksək olmalıdır.
ADNSU-nun kafedra müdiri, professor Camal Mustafayev 23 ay fəaliyyət göstərmiş ADR-in iqtisadi, xarici siyasət, təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışdı. ADR parlamentariziminin digər şərq ölkələri üçün nümunə olduğunu, parlamentdə bütün millətlərin təmsil olunduğunu, qanun yaradıcılığı sahəsində böyük işlər görüldüyünü bildirən tarixçi alim ADR-in xarici siyasət sahəsində ən böyük uğurlarından biri kimi 1920-ci ildə Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakını önə çəkdi. C.Mustafayev bunun nəticəsi kimi Antantaya üzv ölkələrin ADR-in müstəqilliyini de-fakto tanıdıqlarını vurğulayıb. Mürəkkəb tarixi dövr yaşamasına baxmayaraq ADR-in təhsilə xüsusi əhəmiyyət verdiyini qeyd edən natiq buna nümunə olaraq 100 nəfər azərbaycanlı gəncin Avropa ölkələrinə təhsil almağa göndərildiyini bildirib. Professor ADR-in qurulmasında rolu olna insanların özlərini bütünlüklə xalqa xidmətə həsr etdiklərini xüsusi vurğulayıb.
Rektor M.Babanlı hazırda müasir Azərbaycan Respublikasının şanlı tarixi yol keçmiş ADR-in varisi olduğundan hər bir Azərbaycan vətəndaşının şərəf duyduğunu bildirib. Azərbaycanın heç vaxt olmayan qədər güclü olduğunu qeyd edən rektor, hər bir vətəndaşın öz sahəsində, öz yerində çalışmalı olduğunu, ölkə Prezidentinin arxasında sipər kimi dayanmalı olduğunu vurğulayıb. O, hazırda bayrağımızın 1918-ci ildə qaldırılan bayraq olmasından, himnimizin bizə ADR-dən miras qalmasından hər bir ölkə vətəndaşının qürur duyduğunu qeyd edərək hamını 28 May - Respublika Günü münasibətilə təbrik edib.
1news.az