İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib - FOTO
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
98 il əvvəl mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndən – “Əqdnamə”dən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirib.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb. Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində sürətli inkişafını uğurla davam etdirir.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonlarında yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. Xalqımız bu şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi qeyd edir.
1news.az