ANAMA Füzuli, Ağcabədi və Tərtərdə apardığı əməliyyatlarla bağlı hesabat yayıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.
1news.az-ın sözügedən quruma istinadən verdiyi xəbərə görə, Tərtər rayonunun Şıxarx kəndində 4 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, 3 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 10 000 kvadratmetr ərazi yoxlanılıb. Qarağacı kəndində mayın 28-də aşkarlanan 1 ədəd 122 millimetrlik top mərmisi partlayış yolu ilə məhv edilib (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı). Cəmilli kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış olub və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilib, nəticə etibarı ilə 4000 kvadratmetr ərazi yoxlanılıb.
Ağcabədi rayonunun Hacılar kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 10 000 kvadratmetr ərazi yoxlanılıb. Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış olub, nəticə etibarı ilə 5 000 kvadratmetr ərazi yoxlanılıb.
Füzuli rayonunun Şükürbəyli kəndində 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1478 kvadratmetr ərazi yoxlanılıb.
Mayın 29-da 4 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 4 otlaq sahəsi də daxil olmaqla 15 partlayış yerinə baxış keçirilib, 4 ədəd qrad raketinin mühərrik hissəsi aşkar olunaraq götürülüb və gün ərzində 30 478 kvadratmetr ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən mayın 29-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 540 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 468 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az