Azərbaycanla Əfqanıstan arasında beynəlxalq terrorçuluq və narkotrafikə qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi cənab Mohammad Xanif Atmarın başçılığı altında nümayəndə heyətini qəbul edib.
1news.az-ın məlumatına görə, geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təlim-tədris, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında həmçinin beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, regional layihələrdə birgə iştirak edilməsi məsələləri müzakirə edilib, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin rəisi E.Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu qeyd edib.
Görüşdə həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Əfqanistan nümayəndələrinə ətraflı məlumat verilib.
1news.az