Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycandan rəhbər təyin edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 166-VQ nömrəli Qanununa uyğun olaraq qərara alıram:
1. Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycan Respublikasından rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilsin və onlara həmin Bankda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı Asiya İnfrastruktur İnvestisiya Bankının ehtiyatlarının və digər aktivlərinin Azərbaycan Respublikasının milli valyutasında depozitarı müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
3.2. “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin”.
1news.az