Niderland səfiri: “Elektron kənd təsərrüfatı layihəsi Azərbaycan üçün çox mühüm layihədir”
“Ötən ay Azərbaycan İqtisadiyyat Nazirliyində ölkə iqtisadiyyatının diversifikasiyası və müxtəlif imkanların nəzərdən keçirilməsi ilə bağlı uğurlu görüşümüz oldu. Xüsusən südçülük, meyvə-tərəvəz istehsalı, suvarma və peşə təhsili sahəsində Azərbaycana yardım etməklə bağlı razılığa gəldik”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Robbert Jan Qabrielse bildirib.
Səfir bildirib ki, Niderland şirkətləri Azərbaycanda pendir istehsalı sahəsində layihələr həyata keçirməkdə və bu sahədə Azərbaycana yardım etməkdə maraqlıdır: “Niderland Avropa İttifaqının üzvüdür və biz birbaşa yox, Avropa İttifaqı vasitəsilə yardımlar göstəririk. Texniki yardıma gəlincə, görüşdə qeyd edildiyi kimi, elektron kənd təsərrüfatı layihəsi Azərbaycan üçün çox mühüm layihədir. Bu layihə tam olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Birbaşa Niderlandın Azərbaycana yardım göstərməsi iqtisadi göstəricilərə əsasən mümkün deyil. Biz yalnız aşağı gəlirli ölkələrə yüksək dəstək göstəririk. Azərbaycanı isə orta gəlirli ölkə sayırıq. Avropa İttifaqı çərçivəsində hər bir əməkdaşlığa, təcrübə mübadiləsi, “know-how” texnologiyasının gətirilməsinə hazırıq”.
1news.az