Azərbaycan Parlamentində AŞPA həmməruzəçiləri ilə görüşlər keçirilib
Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Preda və Stefan Şennakı qəbul edib.
MM-dən verilən 1news.az-a məlumata görə, sədr bildirib ki, Milli Məclis AŞPA ilə münasibətlərin inkişafında və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır: “Ümidvaram ki, səfər çərçivəsində keçirdiyiniz görüşlər ölkəmizlə AŞPA arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək".
Sezar Preda Monitorinq Komitəsinin həmməruzəçisi kimi Azərbaycana ilk dəfə səfər etdiyini, ancaq buna qədər bir neçə dəfə Bakıda olduğunu bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevlə ilk görüşünü və I Avropa Oyunlarında ailəsi ilə birgə iştirakını məmnunluqla xatırlayıb. Stefan Şennak isə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi kimi Azərbaycana son səfəri zamanı hazırladığı hesabatın təşkilat tərəfindən yekdilliklə qəbul olunduğunu nəzərə çatdırıb.
Qonaqlar Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşüblər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov onlara həmməruzəçi missiyasından başqa, həm də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə keçiriləcək təkrar seçkini müşahidə etmək missiyasını həyata keçirdiklərinə görə təşəkkürünü bildirib. O, Azərbaycanla bağlı Monitorinq Komitəsində keçirilmiş son müzakirələri yüksək qiymətləndirib və bunu uğurlu işin nəticəsi kimi dəyərləndirib. Sonra görüşdə Azərbaycan və AŞ PA arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
1news.az