MSK Referendum üzrə təşviqat qrupunun qeydə alınması qaydaları haqqında təlimata dəyişikliklər edib
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) “Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair qərar qəbul edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qərarda deyilir:
“Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a müvafiq dəyişikliklər edilməli, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 dekabr 2008-ci il tarixli 31/141-3 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.3-cü bənddə “45” rəqəmi “35” rəqəmi ilə, 3.1-ci bənddə “10” rəqəmi “7” rəqəmi ilə, 3.3-cü bənddə “48” rəqəmi “24” rəqəmi ilə əvəz edilsin.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyası “Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair digər qərar qəbul edib:
“Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a müvafiq dəyişikliklər edilməli, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 dekabr 2008-ci il tarixli 31/141-4 saylı Qərarı ilə təsdiq edilmiş “Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:
1.1. Aşağıdakı məzmunda preambula əlavə edilsin:
“Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 89-cu, 96-cı, 97-ci maddələri, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu Təlimatla tənzimlənir”.
1.2. 2-ci hissənin 3-cü cümləsində “45” rəqəmi “35” rəqəmi ilə əvəz edilsin;
1.3. 3-cü və 4-cü hissə çıxarılsın.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
1news.az