Hökməli-Qobu-Güzdək avtomobil yolunda təmir işləri aparılır – FOTO – VİDEO
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən “Azəravtoyol” ASC tərəfindən Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işləri davam etdirilir.
1news.az-ın ASC-nni saytına istinadən verdiyi xəbərə görə, sözügedən avtomobil yolunun uzunluğu 11 kilometr, eni isə 9,5 metrdir.
Hökməli istiqamətindən başlanılan təmir-tikinti işləri zamanı yolun 1,5 kilometrlik hissəsi əsaslı şəkildə təmir olunur, 9,5 kilometrlik hissəsində isə orta təmir işləri aparılır.
Təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
Əsaslı şəkildə aparılan təmir işləri zamanı isə yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 kilometr uzunluğunda drenaj sistemi yaradılıb.
Hazırda əsaslı şəkildə təmir işlərinin aparıldığı 1,5 kilometrlik ərazidə yolun hərəkət hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir.
1news.az