Baş prokuror: “Aprel döyüşləri ilə bağlı başlanmış cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir”
Azərbaycanın baş prokuroru Zakir Qaralov bu ilin aprelində ermənilərin törətdiyi cinayət hadisələri ilə bağlı başlanmış cinayət işinin istintaqından danışıb.
1news.az xəbər verir ki, Z. Qaralov bu gün keçirdiyi geniş əməliyyat müşavirəsində qeyd edib ki, bu il aprelin əvvəlində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artilleriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəymiş və ya onlar dağıdılaraq tam yararsız hala salınıb.
Z. Qaralov bildirib ki, Ermənistan tərəfindən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması, eləcə də mülki əhalinin milli zəmində düşmənçilik niyyəti illə qəsdən öldürülməsi və digər faktlara görə Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq qısa müddətdə təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupları yaradılıb.
Cinayət işləri üzrə dağıdılmış evlərə və sosial obyektlərə müvafiq komissiyaların üzvlərinin iştirakı ilə müasir texniki vasitələrdən istifadə etməklə hərtərəfli baxış keçirilib, Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətləri təsdiq edən maddi sübutlar aşkar edilərək götürülüb, dəymiş ziyanının məbləğinin, mülki şəxslərin ölümünün səbəblərinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar keçirilməklə rəylər alınıb, çoxsaylı zərərçəkmiş şəxslər və şahidlər dindirilib, erməni vəhşiliklərini sübut edən zəruri sənədlər əldə olunaraq cinayət işlərinin materiallarına əlavə edilib.
Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az