Bu il ETSN-nin “Qaynar xətt”inə 1980 şikayət daxil olub
Cari ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları ilə əlaqədar 1980 şikayət daxil olub.
1news.az-ın məlumatına görə, “Qaynar xətt”ə daxil olan şikayətlərdən 1841-i Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.
Şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.
Belə ki, 6 ay ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 740 şikayət, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 862 şikayətdən 759-u, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 174 şikayətdən 165-i, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 43 şikayət, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 114 şikayətdən 95-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 19 şikayətdən 18-i, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 1 şikayət, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 9 şikayətdən 6-sı, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 16 şikayətdən 12-si, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 2 şikayət üzrə araşdırma başa çatıb və qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.
1news.az