Təhsil Nazirliyi: “Dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmirik”
Təhsil Nazirliyi xaricdə təhsil almağa gedən tələbələrə xəbərdalıq edib.
1news.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov televiziya kanallarında bəzi şirkətlər attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanət verməsi ilə bağlı yanlış reklamlar verdiyini bildirib.
C.Valehov deyib ki, Təhsil Nazirliyi heç bir şirkətə belə zəmanət verməyib:
“Bu yanlışdır, insanları aldatmaqdır və şirkətlər öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir. Mən insanları saxta zəmanət adı ilə işbazların toruna düşməməyə çağırıram”.
Nazirlik rəsmisi bu məsələ ilə bağlı ciddi narahatlıqların olduğunu da deyib6
“Diploma zəmanət verilməsi prosesi gəncin bitirdiyi universitetin səviyyəsi, tələbənin akademik göstəriciləri, oxuduğu müddətdə universitetdə necə təhsil alması və təhsilin keyfiyyəti, qazandığı kreditlərin sayına qədər bütün məlumatlar təhlil olunur və bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir. Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir”.
1news.az