“Qəbələ” Park-Bulvar Kompleksi yenidənqurmadan sonra istifadəyə verilib – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin inşasına 2013-cü ilin may ayında başlanılıb və bu il başa çatdırılıb. Rayonun daxili imkanları hesabına salınan kompleksin ümumi sahəsi 10 hektardır. Qəbələ şəhərinin ərazisindən keçən, meşə sularından qidalanan Qaraçay çayının hər iki sahilində salınmış parkın ərazisində səkkiz körpü tikilib, doqquz fəvvarə, uşaqlar üçün karusel quraşdırılıb. Geniş yaşıllaşdırma işlərinin görüldüyü ərazidə müxtəlif sosial obyektlər, yay kafesi, çay evi tikilib, 3,5 kilometr uzunluğunda piyada gəzinti zolağı salınıb.
Tikinti işləri zamanı çayın ətrafı da genişləndirilib, yollarda yeraltı keçidlər, hər biri 500 kubmetr su tutumu olan 41 pilləvari su hövzəsi inşa olunub. Hazırda hövzələrə gələn suyun təmizlənməsi üçün altı kameralı sutəmizləyici qurğu və çay kənarında üçmərtəbəli restoran inşa edilir. 350 qonaq üçün nəzərdə tutulan restoran açıq zallardan ibarət olacaq. Ərazidə avtomobil dayanacağı üçün xüsusi sahə ayrılıb.
Bütün bunlar göstərir ki, Qəbələnin turizm potensialının mühüm tərkib hissəsi olan sosial obyektlərin, xüsusilə də əhalinin istirahətinin yüksək səviyyədə təşkil edilməsinə yönələn guşələrin yaradılması davamlı xarakter alıb.
1news.az