Qəbələdə “Qafqaz Tufandağ Mountain Resort” oteli açılıb – FOTO
Prezident İlham Əliyev avqustun 10-da Qəbələdə “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Qəbələnin əsas turizm infrastrukturu obyektləri sırasında xüsusi özəlliyi ilə seçilən bu otelin inşası 2014-2016-cı illərdə həyata keçirilib. Ərazisi 4 hektar olan otelin tikinti sahəsi 3400 kvadratmetrdir. Beşmərtəbəli binada 50 otaq, o cümlədən 23 standart, 12 ailəvi, 14 junior suite, 1 kral nömrəsi yerləşir. Bununla yanaşı, ərazidə 3 kottec də yaradılıb.
Oteldə 100 nəfərlik kafe-bar, 400 nəfərlik kafe, 500 nəfərlik steak və şərab evi, 200 nəfərlik “Duruca” yeməkxanası, 500 nəfərlik “Qəbələ” kafesi fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Ümumi sahəsi 560 kvadratmetr olan SPA və idman mərkəzində zəruri avadanlıqlar quraşdırılıb, istirahət üçün hər cür şərait yaradılıb.
Oteldə uşaqlar üçün ayrıca yeməkxana və oyun zalı yaradılıb. “Qafqaz Tufandağ Mountain Resort”da sahəsi 1692 kvadratmetr olan terras yaradılıb, xizək ləvazimatlarının kirayəsi və satışı mağazası açılıb, xizək yolu ekskalatoru qurulub və təlimlər üçün otaqlar inşa edilib. Bu da qış mövsümündə oteldə dincələn qonaqların xidmətlərdən yüksək səviyyədə istifadə etmələrinə geniş imkanlar açır. Otel kompleksində 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Beləliklə, turizmin əsas komponenti olan otel biznesinin Qəbələdə inkişaf etdirilməsi və onun müasir standartlar səviyyəsində qurulması yaxın gələcəkdə artıq bu bölgəmizin dünyanın nüfuzlu istirahət məkanlarından birinə çevrilməsinə təminat verir.
1news.az