Mübariz Əhmədoğlu: Sarkisyan Qarabağ münaqişəsini beynəlxalq hüququn cəmi bir prinsipi əsasında tənzimləmək istəyir
Ermənistan prezidenti Serj Sarkisyanı Moskvaya çağırarkən Vladimir Putinin mövqeyi bəlli idi. Çünki S.Sarkisyan Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə razılıq vermişdi.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə, Dağlıq Qarabağ münaqişəsinin ermənilərin dediyi variantda həllinin və yaxud tənzimlənmənin inkarı başa düşülür. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması başa düşülür. Bunu bütün beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqladığı rəylərin tədqiqi göstərir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu son zamanlar Dağlıq Qarabağ münaqişəsi, eləcə də Sarkisyanın Moskvaya səfəri ilə bağlı mövqeyini şərh edərkən deyib:
S.Sarkisyan özü də Livanın “əl-Məyadin” telekanalına verdiyi müsahibədə dolayı yolla beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyini açıqladı. Heç kəs Dağlıq Qarabağı müstəqil və yaxud Ermənistanın tərkibində görmək istəmir. Hamı Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibinə qayıtmasına çalışır. S.Sarkisyan Sankt-Peterburqda üçtərəfli görüş zamanı Putin və İlham Əliyevə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vəd vermişdi. Sonradan “Sasna srer” hadisəsi başa çatdıqdan sonra çıxışında Dağlıq Qarabağın Azərbaycana qayıtmasının mümkünlüyünü istisna etdi. Məhz buna görə də Putin S.Sarkisyanı yanına çağırdı.
S.Sarkisyanın Moskvaya səfəri V.Putinin Azərbaycanda üçtərəfli formatda iştirakdan və Ərdoğanla Sankt-Peterburqdan sonra baş tutması Ermənistanda müəyyən siyasi həssaslıq yaratdı. Bu, Ermənistanın özünün xəstə təxəyyülünün məhsuludur. S.Sarkisyanı V.Putin məhz, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki Sankt-Peterburq razılaşmalarının inkarçılıq mövqeyinə görə dəvət etməli idi. S.Sarkisyanın V.Putini inkar etməsi vərdişə çevrilir.
Moskvada V.Putinin S.Sarkisyanla görüşündə baş verənlər xüsusi diqqət çəkir. İki məqam qabarıq şəkildə diqqəti çəkir: Əvvəla V.Putin Azərbaycanın gücünün, maraqlarının tərənnümçüsünə çevrildi: Azərbaycan 10 milyonluq cəmiyyəti olan bir dövlətdir. Azərbaycan dinamik sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Kifayət qədər böyük həcmdə qızıl valyuta ehtiyatına malikdir. Azərbaycan istənilən yerdən silah ala bilər.
V.Putinin səsləndirdiyi bu fikrilərdə elə ifadələr, anlayışlar var ki, Putin onları deməsəydi də olardı, ümumi bir fikir işlədə bilərdi ki, Azərbaycan qızıl valyuta ehtiyatına malik varlı bir dövlətdir, pulu ilə də sərbəst rəftar etmək hüququna malikdir. Amma Azərbaycanın qızıl-valyuta ehtiyatının miqdarını xüsusi fərqləndirmək, Azərbaycanın 10 milyonluq əhalisini 2 milyonluq Ermənistan prezidentinin qabağında diqqətə çatdırmaq əslində bu, V.Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyini göstərir. O da nəzərə alınmalıdır ki, V.Putin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ərazi bütövlüyü prinsipi ilə millətlərin öz müqəddəratını təyin etmə prinsipi arasındakı balans tapmağının vacibliyini bildirmişdi. Millətlərin öz müqəddəratını təyin etmə prinsipi ərazi bütövlüyü prinsipini öz içərisində yerləşdirə bilməz. Amma millətlərin öz müqəddəratını təyin etmə prinsipi isə ərazi bütövlüyü prinsipi içərisində yerləşə bilər.
O kontekstdən Rusiya Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın ərazi bütövlüyü daxilində öz talelərini müəyyən etməsini məsləhət bilir və ümumi davranışından belə başa düşülür ki, nəinki məsləhət verir, hətta təkid edir. V.Putin mövqeyindən geri çəkilməyəcək. Bu, V.Putinin Azərbaycan xalqının Rusiyaya olan münasibətinə xüsusi hörmətidir.
İkincisi, V.Putinin fikrincə, Ermənistanla Azərbaycan arasında sayca bir münaqişə deyil, münaqişələr, yəni bir neçə münaqişə mövcuddur. Ola bilər Putinin anlamında Zəngəzur məsələsi də bu kontekstə daxildir.
V.Putin PA rəhbərinin müavini Novruz Məmmədovun Sankt-Peterburqda 3 tərəfli görüşün gizli təffərrüatını açıqlamasına da haqq qazandırdı: Azərbaycan bütün vasitələrdən istifadə edib daha güclü mövqeyə çıxmaq istəyir.
V.Putinin bu bəyanatında regional kontekst də var. V.Putin Azərbaycanın uğurlarını tərifləməklə, həm də MDB dövlətlərinə Azərbaycanı nümunə göstərir. V.Putin bütün MDB dövlətlərinə deyir ki, o dövlət ki, öz siyasətini aparır, o dövlət ki, öz-özünü təmin edir, güclü iqtisadiyyata malikdir həmin dövlətin müstəqilliyi Rusiya tərəfdən də xüsusi ehtirama layiqdir. Hər halda S.Sarkisyanla görüşü V.Putini Dağlıq Qarabağ tənzimlənməsi və MDB məkanı üçün yeni qisimdə təqdim etdi.
Dağlıq Qarabağda müharibə indi Rusiya üçün əvvəlki qədər təhlükəli deyil.
Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hərbi variantı istisna etməsinin əsas səbəbi, Dağlıq Qarabağda başlayan müharibənin Şimalı Qafqaza keçməsi idi. Rusiyada belə fikirləşirdilər ki, Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə, Türkiyə və ya İran bu müharibəni Rusiyanın Şimalı Qafqazına çevirməklə Rusiyanın sabitliyi və ərazi bütövlüyü böyük şübhə altına düşə bilərdi.
Azərbaycan rəhbərliyinin apardığı iş qısa müddət ərzində çox ciddi uğurlar yaratdı. Bakıda keçirilən üçtərəfli Azərbaycan-Rusiya-İran görüşü regional əməkdaşlığı bu kontekstdən az qala plebisit kimi ortalığa qoydu.
Rusiya-Azərbaycan-İran əməkdaşlığı təkcə Qafqaz regionunda deyil, Yaxın Şərqdə də təsirli rol oynaya bilər. Əgər Rusiyanın indiki anlamında təhlükəsizlik anlayışı Yaxın Şərq də daxil olmaqla böyük bir regionu əhatə edirsə və təhlükəsizliyin təminində Azərbaycan və İran da iştirak edirsə, belə olan təqdirdə İranın Şimalı Qafqazda gərginlik yaratmağına ehtiyac qalmır. Əgər hər hansı bir başqa dövlət Qafqazda gərginlik yaratmaqla məşğul olarsa, o zaman Azərbaycan və Rusiya birlikdə bu təhlükəsizliyin pozulmasına qarşı çıxış edə bilərlər. Beləliklə, üçtərəfli Azərbaycan-Rusiya-İran görüşü hər üç dövlətin Qafqazın təhlükəsizliyində rolunu daha da artırdı. Tarixən mövcud olan konflikt kontekstindən bəlli oldu ki, indi İran Rusiya ilə təhlükəsizlik, sabitlik məsələlərində konkret praktiki əməkdaşlıq etməyə hazırdır.
İranın ABŞ-la münasibətləri hər hansı destruktiv formada Qafqazda gedən proseslərə təsir etməyəcəkdir. Rusiyanın fikrincə, Qarabağ münaqişəsi regionundakı müharibəni Şimalı Qafqaza keçirə bilən ən əsas dövlət Türkiyə idi. O cümlədən Azərbaycan rəhbərliyinin gördüyü iş nəticəsində Rusiya ilə Türkiyə rəhbərləri görüşdülər, aralarında olan problemləri müzakirə etdilər; Rusiya ilə Türkiyə arasındakı münasibətlər əvvəlkindən daha da yüksək səviyyəyədək inkişaf edə bilər. Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşması, o cümlədən Türkiyənin daxilində baş verən digər proseslər Türkiyənin ümumilikdə Qafqazda sabitliyi pozmaqda maraqlı olmadığını və yaxud imkanının olmadığını göstərir.
Yeni yaranmış vəziyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin parametrlərini dəyişib. Azərbaycan Prezidentinin təşəbbüsü Rusiya və İranı barışdırdı. Rusiya və İranın barışması Qərbin Qafqaz, Mərkəzi Asiya regionu ilə bağlı strateji planının pozulması deməkdir. Qərbin planına görə İran gec-tez Rusiyaya qarşı çıxmalı idi. Qərb strateqlərin Qafqaz və Mərkəzi Asiya regionundakı planında ən əsas element İranın Rusiyaya düşmənçiliyi idi. Çünki bu torpaqlara tarixi iddiası olan yeganə dövlət İrandır. İranla Rusiyanı barışdırdığına görə Qərb Azərbaycana təzyiq edəcəyi çox ehtimallıdır. Eləcə də Azərbaycana təzyiq və ümumilikdə regiondakı vəziyyəti gərginləşdirmək üçün ən əsas platsdarm Dağlıq Qarabağda müharibədir. Dağlıq Qarabağda müharibəni alovlandırmaqla regionda gərginlik mənbəyi yaratmaq və imkan düşən kimi onu Şimalı Qafqaza keçirmək. Bu prosesdə fitil rolunu Ermənistan oynamalıdır. Ermənistan rəsmilərinin Dağlıq Qarabağla bəyanatlarının hamısı müharibə qoxusu yayır.
Hətta Putinin yanında S.Sarkisyan Dağlıq Qarabağ münaqişəsini həll etməyəcəyini bəyan etdi. Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll etmək fikrində deyil, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə qərar qəbul etmək gücündə deyil. Ermənistanın Qərbin hərbi-siyasi dairələri ilə əlaqələri Azərbaycanın əlaqələrinə nisbətən qat-qat üstündür və xeyli maddiləşib, materiallaşıb. Qərbin yaxından iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi regionunda müharibənin yaranacağını ehtimal etmək mümkündür. Buna görə, indiki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin hər hansı yolla tənzimlənməsi əvvəlki dövrlərə nisbətən daha artıq zərurətə çevrilib.
RF müdafiə naziri S.Şoyqunun Azərbaycana səfərinə də bu kontekstdən yanaşmaq daha düzgündür. Azərbaycanla Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin aktivləşdiyi heç kəsə sirr deyil. Sankt-Peterburq görüşü, Bakıda keçirilmiş üçtərəfli formatdan sonra V.Putinin Azərbaycan Prezidentinin evində çay süfrəsində iştirakı və s.
V.Putin S.Sarkisyanı Moskvada qəbul edərkən etiraf etdi ki, Azərbaycan Prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini ətraflı müzakirə edib. Bakıda keçirilmiş üçtərəfli format başa çatan, V.Putin Bakını tərk edən kimi Azərbaycanın müdafiə naziri Z.Həsənov Dağlıq Qarabağ münaqişəsi regionunda xüsusi təyinatlıların xüsusi təlimini keçidi. Bu, artıq növbəti hərbi əməliyyata hazırlığın əlamətidir. Görünür, Azərbaycan hərbçilərində ermənilərin hərbi təxribata hazırlaşması barədə olan məlumatlar daha konkret məzmuna malikdir. Əlbəttə, mətbuatda yayılan məlumatlardan, S.Sarkisyanın və müdafiə naziri S.Ohanyanın verdiyi bəyanatlardan aydın hiss olunur ki, ermənilər hərbi təxribata hazırlaşır. Görünür, daha detallı məlumat bizim Müdafiə Nazirliyinin rəhbərliyində var. Ona görə də onlar bu addımı atıblar. Dərhal Z.Həsənov Moskvaya dəvət olundu, RF müdafiə naziri S.Şoyqu ilə görüşdü. Qısa müddət keçməsinə baxmayaraq, RF müdafiə naziri S.Şoyqunun Azərbaycana ikigünlük səfəri elan edildi. S.Şoyqunun Azərbaycana səfəri KTMT üzv dövlətlərinin müdafiə nazirlərinin Ermənistana səfərlərindən bir neçə saat əvvələ düşməsidir. Bununla S.Şoyqu aşkar şəkildə mesajını verdi ki, Qafqazdakı regional təhlükəsizliyin təmin olunmasın da KTMT üzvü olmayan Azərbaycan KTMT üzvü olan Ermənistana nisbətən daha vacib əhəmiyyətə malikdir.
S.Şoyqunun KTMT tədbirindən qabaq Ermənistana qarşı belə mesaj verməsinin siyasi və yaxud şəxsi motivasiyası da ola bilər. ER müdafiə naziri S.Ohanyan NATO-nun keçmiş hərbi rəhbərlərindən biri, general F.Bridlavla xüsusi münasibəti olub. S.Ohanyan Bridlav və Aleksandr Verşbounun məlumat ötürəni olub. S.Ohanyan Rusiyanın hərbisi, RF müdafiə nazirliyinin mərkəzi aparatının davranışı barədə məlumatları Bridlava ötürməsi çox ehtimal olunandır. Görünür, hətta bəzi şəxsi materiallar da ötürülüb. Ona görə, S.Şoyqu ER müdafiə nazirinə qarşı münasibətini gizlətmir.
S.Şoyqu Bakıda regional təhlükəsizlik anlayışına yeni izah verdi: Rusiya və Azərbaycanın təhlükəsizliyi təkcə Qafqaz və Xəzər regionunu əhatə etmir, həm də Yaxın Şərq regionunu əhatə edir. Suriya ermənilərinin və rəsmi Yerevanın bu konteksdə davranışı sübut etdi ki, ermənilər rusların müttəfiqi ola bilməz. Azərbaycan isə Rusiyanın Yaxın Şərq planlarının ən vacib tərəfdaşlarından birinə çevrilir. Azərbaycanın bunu etməyə kifayət qədər imkanı var. Yaxın gələcəkdə Azərbaycan Rusiya, İran ilə birlikdə Suriyanın dağılmış iqtisadiyyatının bərpasında, yeni infrastrukturlarının yaradılmasında iştirak edə bilər. Vaxtı ilə Azərbaycan neftçiləri Suriyada iştirak ediblər.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin zəruriliyi Rusiyanın elitasına mümkün qədər daha yaxından çatıb. Yaxın vaxtlarda əgər Ermənistan dinc yolla öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa başlamayacaqsa, ehtimal ki, Azərbaycan hərbçiləri daha inamlı, aktiv şəkildə fəaliyyətə başlayacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin təcili tənzimlənməsi regional tələbata çevrilib.
Ermənistan prezidenti Sarkisyan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn cəmi bir prinsipi əsasında tənzimləmək istəyir.
Ermənistan uzun müddət Azərbaycanı şərlədi ki, guya Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn yalnız bir prinsipi - ərazi bütövlüyü prinsipi əsasında tənzimləmək istəyir. Bütün Ermənistanın təbliğat maşını, xaricdəki erməni havadarları bu istiqamətdə fəaliyyət göstərdilər. Hətta ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik də bir neçə dəfə bəyan etdi ki, Dağlıq Azərbaycan Qarabağ münaqişəsini yalnız bir prinsip - ərazi bütövlüyü prinsipi əsasında tənzimləmək istəyir. Amma S.Sarkisyanın bu riyakarlığı və ikiüzlülüyü, yalançılığı uzun müddət davam etmədi. Çünki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi elə mərhələdədir ki, S.Sarkisyan əvvəlki arqumentlərini dəyişmək məcburiyyətindədir.
Yaranmış vəziyyət S.Sarkisyanı arqument baxımından tərk-silah etmək istiqamətindədir. Ona görə, Moskvada V.Putinlə görüşü zamanı o Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə prinsipini yeganə prinsip kimi ortalığa qoydu. Bu vaxta qədər də S.Sarkisyan və eləcə də Ermənistanın digər rəsmiləri Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə prinsipini yeganə prinsip kimi təqdim etmişdilər. Amma S.Sarkisyanın Putinin hüzurunda publik formada bir prinsipi ortalığa qoyacağı bir az gözlənilməz idi: S.Sarkisyan arqumental baxımından tərk-silah olunduğunu, beynəlxalq ictimaiyyətin gözünün qabağında S.Sarkisyan özünün yalançı olduğunu etiraf etdi.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn üç prinsipi - güc tətbiq etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etmə prinsipi əsasında tənzimlənməsinin tərəfdarıdır. Hətta hər üç prinsip ayrılıqda götürüldükdə belə Dağlıq Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunmuş olur. Güc tətbiq etməmək prinsipi tələb edir ki, Ermənistan vaxtı ilə tətbiq etdiyi gücün nəticələrini aradan qaldırsın. Yəni, işğalçı qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazisindən çıxarsın. Eləcə də millətlərin öz müqəddəratını təyin etmə prinsipinin tələbinə görə, bu prinsipin reallaşması beynəlxalq hüququn digər prinsipini yəni, ərazi bütövlüyü prinsipini poza bilməz. Helsinki Yekun Aktının 8-ci prinsipinin tələbinə görə, Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində öz talelərini müəyyən etməlidirlər. Ərazi bütövlüyü prinsipindən əlavə danışmağa bu kontekstdən ehtiyac görmürük. “Dağlıq Qarabağ” adlı xalq yoxdur. S.Sarkisyan Dağlıq Qarabağ xalqı haqda bu iki kəlmə sözdən başqa heç bir əlavə söz işlədə bilməz. Çünki Dağlıq Qarabağ xalqının Dağlıq Qarabağ ermənisini, Ermənistan ermənisindən fərqləndirən cəhət Dağlıq Qarabağ ermənilərinin dilindəki İran, türk mənşəli terminlərdir. Bunlar da onu göstərir ki, Dağlıq Qarabağ erməniləri İrandan və yaxud Osmanlı imperiyasının tərkibindən gəlmədir. S.Sarkisyan əgər həqiqətən Dağlıq Qarabağ ermənilərinə hörmət edirsə, onların gələcək taleyi barədə düşünürsə, Dağlıq Qarabağ ermənilərinin Cənubi Qafqaz regionunda indiki Qarabağda necə peyda olmasını danışsın.
Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması S.Sarkisyan üçün antirusiyaçılıq isiqamətində ciddi resursdur. Qərb üçün ciddi mesajdır. Ona görə, S.Sarkisyan Putinin hüzurunda bu termini işlətdi. Amma hər halda artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, S.Sarkisyan yalançıdır, özünü, rəhbərlik etdiyi dövləti, eləcə də xalqı və Dağlıq Qarabağ ermənilərini yalnız uçuruma aparır.
1news.az