“Bursaspor”un hücumçusu Azәrbaycanın әsas millisindә oynayacaq
“Ən böyük arzum Türkiyənin əsas millisinin formasını geyinmək idi. Ancaq bu istəyim baş tutmadı. Son olaraq Avropa Çempionatına aparılacaq heyətdə yer almadığım üçün Azərbaycan millisindən gələn təklifi qəbul etdim. Hər-hansı milli komandada özümü göstərmək istəyirdim. Bunu Azərbaycan millisinin heyətində həyata keçirəcəyəm”.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözlər Türkiyənin “Bursaspor” klubunun futbolçusu Dəniz Yılmaza məxsusdur:
“Bavariya”nın sabiq futbolçusu bundan sonra Azərbaycan millisinin uğurları üçün çalışacaq. O, verdiyi açıqlamada 3 il bundan əvvəl AFFA-dan təklif aldığını vurğulayıb:
“Azərbaycanlılar mənimlə tez-tez maraqlanırdılar. Onlar bunun üçün 3 il gözləməli oldular. Hər həftə mənə zəng edib və nə qərar verdiyimi soruşurdular. Sonuncu dəfə onlara “Avropa Çempionatına aparılmasam millinizə gələcəyəm” – dedim. Ümid edirəm ki, mənim üçün və Azərbaycan millisi üçün xeyirli qərar olar”.
Qeyd edək ki, 28 yaşlı Dəniz Yılmaz “Ulm” klubunun yetirməsidi. Dəniz 2005-11-ci illərdə "Bavariya”nın II komandasının formasını geyinib. O, "Bavariya"nın əsas heyətində 9 oyun keçirib. Forvard daha sonra "Maynts”, "Paderbörn”, "Elazığspor” və "Trabzonspor” kimi komandalarda top qovub. Dəniz Yılmaz 2016-cı ildən "Bursaspor" klubunun şərəfini qoruyur.
Əlavə edək ki, "Bursaspor"a ötən mövsümün ikinci yarısında qoşulan Dəniz Yılmaz 13 oyuna 6 qol vurub.
1news.az