AXCP üzvü Milli Şuranın mitinqlərinin əleyhinə təbliğat apardığı üçün qurumdan kənarlaşdırılıb
"Haqqımda çıxarılan qərarın ruhu, siyasi həbslər üçün verilən qərarlardan heç nə ilə fərqlənmir. Onun qədər antidemokratik, onun qədər hüquqa zidd, onun qədər mərhəmətsiz, onun qədər qorxaq. Mitinqlərin kütləvi alınmaması üçün, hakimiyyət təbliğatına qoşulmaq ittihamı gülməlidir".
Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli öz Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, bu gün Milli Şura üzvlüyündən kənarlaşdırılmasına münasibət bildirərək qeyd edib ki, bu qərarı referendumdan sonra geniş şərh edəcək:
"Eyforik dönəmdir, prosesin bir mərhələsi bitsin, ayılmalar olsun, soyuq başla müzakirələr edərik. Ölkəmdə açılımların olması üçün, siyasət ölkəyə qayıtmalıdır. İmmitasiyaya qayıtmamalıdır! Ondan bir üst mərhələyə adlaya bilib, dövlətin və cəmiyyətin potensialından istifadə etməliyik.Hələlik isə tezdir. Referendumdan sonra geniş açıqlama verəcəm, ölkənin siyasi həyatının daha çox aydınlanması mümkün olacaq. Başıma və başımıza dirənənləri tanıdacam sizə".
Qeyd edək ki, S.Kərimli bu gün Milli Şuranın mitinqlərinin əleyhinə təbliğat apardığı üçün qurumdan kənarlaşdırılıb.
APA