Siyəzəndə qadını öldürərək evindən qızıl və pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə qadını öldürərək evindən qızıl və pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

1news Redaksiyası17:01 - Bu gün
Siyəzəndə qadını öldürərək evindən qızıl və pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Siyəzəndə 1982-ci il təvəllüdlü qadının tamah məqsədilə qətlə yetirilməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, oktyabrın 26-da Siyəzən rayon sakini Ağamalıyeva Xəyalə Muradağa qızının meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Siyəzən Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin isti izlərlə açılması təmin edilib.

İlkin araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Naqil Ağamalıyevin borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə Xəyalə Ağamalıyevanın evinə getdiyi, onu boğaraq öldürdüyü, daha sonra isə evdən qızıl, pul və digər qiymətli əşyaları götürərək hadisə yerindən uzaqlaşdığına dair əsaslı şübhələr müəyyən edilib.

Naqil Ağamalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər