Gürcüstan parlamentində təmsil olunacaq partiyalar məlum olub
Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 3 702 seçki məntəqəsindən 3 667 məntəqə (99,41%) üzrə səslər hesablanıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə əsasən parlamentə hakim “Gürcü arzusu” və müxalifətdə olan sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasının parlamentdə təmsil olunacağını açıqlayıb.
Beləliklə, 3 702 seçki məntəqəsindən 3 667 məntəqə üzrə səslər hesablanıb. “Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb. Son nəticələrə görə “Vətənpərvərlər Alyansı” 4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. “Azad Demokratlar” 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb. 35 seçki məntəqəsi üzrə səslərin hesablanması davam edir.
Qeyd edək ki, dünən Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstan parlamentinə 150 deputatın 77-i partiya siyahısı (proporsional), 73-2 birmandatlı dairələrdən (majoritar) seçilməlidir. 73 birmandatlı dairədə deputat mandatı uğrunda 816 nəfər mübarizə aparır. Birmandatlı dairələrdə deputat seçilmək üçün birinci turda namizədlərdən birinin 50 faiz+1 səs toplaması tələb olunur. MSK bundan öncə birmandatlı dairələrin əksəriyyətində seçkilərin ikinci turunun keçirilməsinin gözlənildiyini açıqlayıb.
1news.az