Aleksey Miller: “Türk axını” qaz boru kəmərinin tikintisinə 2018-ci ildə başlanılacaq
Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) tikintisinə 2018-ci ildə başlanılacağını deyib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, A.Miller boru kəmərinin Türkiyə ərazisindən keçəcək hissəsinin “Botaş” şirkəti tərəfindən inşa ediləcəyini bildirib. Boru kəmərinin dəniz hissəsinin tikintisi və maliyyə təminatı isə “Gazprom” tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıb.
“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.
1news.az