Bir sıra dövlət xadimləri Azərbaycan prezidentini təbrik edib
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə bir sıra dövlət xadimləri Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Monteneqronun prezidenti Filip Vuyanoviçin təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Xalqınızın tərəqqisi naminə Azərbaycana davamlı inkişaf arzu edirəm.
Həqiqətən də tarixi baxımdan qısa bir müddətdə - 25 il ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən iqtisadiyyatın inkişafı, sosial sabitlik və vətəndaşlarının rifahının yüksəldilməsi sahələrində heyrətamiz nəticələr əldə edib. Eyni zamanda, ölkənizin qlobal nüfuzu çox yüksək səviyyəyə qalxıb, Azərbaycan dünyada sabitlik amilinə çevrilib, azadlıq və sülh yolundan irəliləyən dövlətlər arasında böyük nüfuza malikdir.
Hörmətli cənab Prezident, şübhəsizdir ki, bu müsbət nəticələri ötən illər ərzində şəxsən Sizin həyata keçirdiyiniz siyasət sayəsində əldə etmək mümkün olub.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında əməkdaşlığın hər bir sahədə yüksək səviyyədə olduğunu vurğulamaq istərdim. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq növbəti illərdə də inkişaf edəcək.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bundan əlavə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina və Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov da ölkə prezidentini təbrik edib.
1news.az