Telman Əliyev: İslahatların nəticələri – Caspian Energy Forum Baku-2017-nin əsas mövzusudur
Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyevin 1news.az-a müsahibəsi:
- Gələn il Caspian European Club-un (Caspian Business Club) yaranmasının 15 ili tamam olacaq. Bu dövr ərzində qazanılmış hansı nailiyyətləri xüsusilə vurğulaya bilərsiniz?
- Ötən ilin payızından Azərbaycan və Caspian European Club (Caspian Business Club) olduqca əlamətdar tarixi dövr yaşayır. 2002-ci ildə Klub yaradılarkən qarşıya qoyulmuş hədəf indi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkədə ciddi iqtisadi islahatlar aparılır. Həmin islahatlar artıq müəyyən nəticələr verməkdədir. Biz bunu Azərbaycanda biznes qurmağa, cərəyan edən proseslərdə fəal iştirak etməyə, investisiya qoymağa, həmçinin burada yeni partnyorlar tapmağa can atan və öz nikbinliklərini ifadə edən dünyanın 50 ölkəsindən olan xarici partnyorlarımızın timsalında hiss edirik. Bundan əlavə, onlar Azərbaycan brendlərinin dünya bazarlarına çıxışı üzrə bizə öz xidmətlərini təklif edirlər.
İkinci məqam kimi Azərbaycan şirkətlərinin indi daha çox qətiyyətlilik, əminlik nümayiş etdirdiklərini vurğulamaq istərdim. Azərbaycan şirkətlərinin ötən illər ərzində üzləşdikləri təzyiqlər və mənfi məqamlar artıq ikinci plana keçib. Dövlət başçısı bütün bu prosesləri indi öz nəzarəti altına götürüb. Yubiley ərəfəsində bizdə belə bir fikir formalaşıb ki, fəaliyyətimizin və ümumiyyətlə, klubumuzun yaradılmasının təşəbbüskarı olan Klubun Sədri ilk gündən Caspian European Club-un (Caspian Business Club) qarşısına qoyulan missiyaya indi daha çox dəstək nümayiş etdirir.
Fəaliyyətimizə gəlincə deyə bilərəm ki, Caspian European Club (Caspian Business Club) 1991-ci ildən mövcud olan Caspian Energy Marketing şirkətlərinin iştirakı ilə ildə iki dəfə iri və orta şirkət rəhbərləri arasında qapalı sorğu keçirir. Məqsəd islahatların aparılmasını labüd edən mənfi məqamları üzə çıxarmaqdır. Söhbət dövlət strukturları ilə biznes arasındakı münasibətlərdə dövlət qurumları tərəfindən yaradılan bürokratik maneələrdən və ayrı-ayrı hallarda korrupsiya tərkibli əməllərdən gedir. Sonda sorğunun nəticələri vahid nüsxədə bilavasitə dövlət başçısına təqdim edilir.
- Yola salmaq üzrə olduğumuz ilin nəticələri barədə nələri qeyd edə bilərsiniz?
- Bu il əldə etdiyimiz nəticələr ürəkaçandır. Şirkətlər nikbinliyə kökləniblər, onlar mühüm nəticələrin qazanıldığını nümayiş etdirirlər. Düzdür, həll olunmamış problemlər də var. Amma biz əminik ki, ötən ilin payızında başlanılmış islahatlar bu templə davam etsə, qısa müddət ərzində biznesi narahat edən problemlərin çoxu öz həllini tapacaqdır.
Həmçinin diqqətinizə çatdırmaq istəyirəm ki, 2002, 2005 və ya 2010-cu illərdə həmin dövr üçün aktual olan problemlər müzakirə olunurdusa, bu gün onlar öz həllini tapmaqdadır. Bir sözlə, nə qədər ki, biz bu və ya digər biznes-forumlar, dəyirmi masalar və işçi qruplar çərçivəsində dövlət qurumları ilə birgə müəyyən problemləri həll etməyə səy göstəririksə, biznesin təkliflərini öyrəniriksə, əvvəllər biznesin diqqət yetirmədiyi bir o qədər də çox problemlər ortaya çıxır.
Qanunvericilik bazasında, xüsusilə də yeni islahatlar çərçivəsində vergi, gömrük, əmək və miqrasiya məcəllələrində böyük dəyişikliklərə ehtiyac var. Qanunvericilikdə biznesin müəyyən sahələrinin inkişafına mane olan xeyli boşluqlar var. Məhkəmə sistemində iqtisadi subyektlər arasında bir çox mübahisəli münaqişələrin həllinə ciddi təkan verəcək islahatlar həyata keçirmək artıq zərurətə çevrilib.
Həmçinin biz 2016-cı ilin birinci yarısında İlham Əliyev cənablarına təkliflər paketini təqdim etmişik. Həmin təkliflərdə hazırda yaşadığımız neftdən sonrakı dövrdə biznesin dövlətə maksimal dəstək verə bilməsindən ötrü tətbiqi bu gün zəruri olan məqamlar öz əksini tapıb. Təkliflərimizin böyük hissəsi qəbul olunduğu üçün Azərbaycan Prezidenti İlham Əliyev cənablarına minnətdarıq. Həmin təkliflər sayəsində özəl biznes qısa müddət ərzində büdcənin doldurulmasında üzərinə düşən payı artıra biləcək və yeni iş yerlərinin açılması, rəqabətədavamlı məhsulların istehsalı üzrə yaxşı nəticələr nümayiş etdirəcək.
- Böhrandan hansı çıxış yollarını görürsünüz?
- Böhrandan əsas çıxış yolu Prezident İlham Əliyev cənabları tərəfindən irəli sürülmüş və hazırda həyata keçirilən islahatlardır. Söhbət iqtisadiyyatın real özəl sektorunun dəstəklənməsindən və stimullaşdırılmasından, bazarın liberallaşdırılmasından, dövlət şirkətlərinin özəlləşdirilməsindən, xarici kapitalın stimullaşdırılması və cəlb edilməsindən, kiçik və orta biznesin inkişafından gedir. Şirkətlərimizə sərbəst üzmə imkanı yaratmalıyıq. Hansı istiqamətə doğru irəliləməyə isə onlar özləri qərar verəcəklər. Azərbaycan əsrlər boyu dünya ticarət yollarının kəsişdiyi mərkəzdə yerləşib və sahibkarlıq xalqımızın qanındadır.
Düzdür, onlardan bəziləri müflis olacaq və bazarın “qurbanı”na çevriləcəklər. Amma dövlət və özəl sektorun əksər şirkətlərinin aparıcı birjalardakı göstəriciləri üzrə dünyanın TOP-100-lüyünə daxil olan regional əhəmiyyətli şirkətlərə, hətta beynəlxalq korporasiyaya çevrilmək şansı var. Zənnimcə, bunun üçün investisiya, qanunvericilik və institusional bazada dəyişiklik etməyə (bu, artıq edilir), marketinq araşdırması həyata keçirməyə, bazarın perspektivli seqmentlərini seçməyə və bizə yaxşı bəlli olan təcrübədən yararlanmaqla investisiya fondları üçün nüfuzlu dünya fond bazarlarına çıxmaq imkanı yaratmağa ehtiyac var.
Bu sahədə Azərbaycan üçün yeni heç nə yoxdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə birinci “Əsrin müqaviləsi” imzalandıqdan sonra neft-qaz sektorunun qüvvədə olan bütün layihələri öz aksionerləri vasitəsilə bu və ya digər şəkildə dünya fond bazarlarına çıxarıldı. Onların müvəffəqiyyətini bazar dəfələrlə nümayiş etdirib. Biz bir vaxtlar böyük olmayan bir qərb şirkətinin Bakıda müqavilə imzalamasının, bir müddət sonra isə aksiyalarının durmadan bahalaşdığının və onun milyoner sahiblərinin multimilyonerə çevrildiyinin şahidi olmuşuq. Qlobal xarakter daşıyan bu layihələr uğurludur və hələ bir neçə on illik ərzində dünya investorlarının marağını cəlb edəcək. Biz isə kollektiv olaraq 1994-cü ildən bəri dünya bazarı üçün əhəmiyyətli olan strateji layihələrin informasiya dəstəyi ilə məşğul olduğumuz üçün qürur duyuruq.
- Zəhmət olmazsa, bir qədər də Klub tərəfindən təşkil olunan biznes-forumlar barədə danışardınız...
- Caspian European Club (Caspian Business Club) dövlət qurumlarının rəhbərlərinin – nazirlərin, dövlət komitələrinin, dövlət agentliklərinin və ya dövlət xidmətlərinin başçılarının iştirakı ilə ayda ən azı iki dəfə biznes-forum təşkil edir. Həmin biznes-forumlar çərçivəsində KİV nümayəndələrinin də dəvət olunduğu rəsmi hissə keçirilir, həmin dövlət qurumlarının rəhbərləri çıxışlar edir, öz fəaliyyətləri barədə iştirakçılara məlumat verirlər.
Rəsmi hissə başa çatdıqdan sonra kütləvi informasiya vasitələri zalı tərk edir və şirkətlərlə problem və təkliflərin müzakirəsinə başlanılır. Fəaliyyətimizin əsas diqqət yetirdiyimiz hissəsi də məhz budur.
Biz sahibkarları birləşdirən digər təşkilatlar kimi hökumət, parlament və Prezident Administrasiyası üçün çoxlu sayda hesabatlar hazırlamırıq. Bir qayda olaraq, real sektorla, real bizneslə ünsiyyət qurmağa, onların problemlərini öyrənməyə və bu çətinlikləri birbaşa həmin fəaliyyət sahəsinə nəzarət edən nazirliklərin rəhbərləri səviyyəsində həll etməyə çalışırıq.
Bildiyiniz kimi, Caspian European Club (Caspian Business Club) çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində lider hesab olunan şirkət rəhbərlərinin başçılıq etdiyi sahə klubları fəaliyyət göstərir. Həmin sahə klubları çərçivəsində sahibkarların problem və təkliflərini öyrənmək məqsədilə çoxlu tədbirlər təşkil olunur. Sonda bütün nəticələr cəmlənir, ekspertlər şurası tərəfindən tədqiq edilir və ildə iki dəfə vahid paket şəklində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına təqdim olunur. Bu yaxınlarda İdarə Heyətinin yeni tərkibi seçilib, ümid edirik ki, Klubun fəaliyyəti müddətində ən səmərəlisi olacaq.
- Keçirilmə vaxtı bu ilin dekabrından 2017-ci ilə dəyişdirilən 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku” Forumu zamanı toxunulacaq aktual mövzular barədə bir qədər məlumat verərdiniz. Tədbirə neçə deleqatın qatılması nəzərdə tutulub? Forumda hansı ölkələrin nümayəndələrinin iştirakı gözlənilir?
- 15 mart 2017-ci il tarixində Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group tərəfindən 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku – 2017” təşkil olunacaq. Forum neft və qeyri-neft sektorunun şirkətləri üçün meydança rolunu oynayır. Bir çox şirkətlər üçün bu forum Klubumuzun ən böyük tədbiridir. Bundan əlavə, CEİBC-nin üzv şirkətlərinin fəaliyyət göstərdikləri dünyanın 50 ölkəsindən olan 5 min şirkət öz deleqatlarının Forumda iştirakını təmin edir. Biz iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 300-dən 500-dək deleqatı qəbul etməyi nəzərdə tutmuşuq.
Əsasən də top-menecerləri. Sözügedən forumun ideyasını dəstəklədiyi üçün ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlığımızı bildiririk. Bununla yanaşı, forumumuzun işində iştirak edəcək Azərbaycan Hökumətinə və Hökumət üzvlərinə təşşəkür edirik. Sözügedən forum Caspian European Club-un (Caspian Business Club) 15 illik yubileyinə və Caspian Energy jurnalının 100-cü yubiley nömrəsinin işıq üzü görəcəyi vaxta təsadüf etdiyindən bizim üçün simvolik xarakter daşıyır.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı da gözlənilir. Forum çərçivəsində dövlət başçısına “İlin islahatçısı” nominasiyasında “Caspian Energy Award - 2016” beynəlxalq mükafatı təqdim olunacaq. Ümumilikdə forum Azərbaycanda aparılan islahatların ilkin nəticələrinə həsr olunub. Şərti olaraq forumu iki hissəyə bölmüşük. Birinci hissə neft-qaz və enerji sektorunun layihələrinə, ikinci hissə isə qeyri-neft sektorunun fəal inkişafına həsr edilib. Forum çərçivəsində əksəriyyəti iqtisadiyyatın müxtəlif sahələrinə nəzarət edən dövlət qurumlarının nümayəndəsi olan spikerlərimizi dinləmək imkanı yaradılacaq. Şirkətlər həmçinin kofe-breyk və işgüzar nahar çərçivəsində bir-birləri ilə əlaqələr qurmaq fürsəti qazanacaqlar. Bundan əlavə, Caspian European Club-un (Caspian Business Club) üzvü olan otel və turizm şirkətləri Azərbaycana gələn əcnəbi qonaqlara maksimal endirimlər təqdim edəcəklər. Onlar tərəfindən paytaxtımızın görməli tarixi məkanlarına səyahəti nəzərdə tutan maraqlı turizm proqramı işlənib hazırlanıb.
- Caspian European Club (Caspian Business Club) hansı media layihələrin həyata keçirilməsi ilə məşğuldur?
- Bildiyiniz kimi, Caspian European Club-un (Caspian Business Club) dəstəyilə Caspian Energy International Media Group fəaliyyət göstərir. Media qrupla əməkdaşlığımız çərçivəsində çoxlu sayda müxtəlif layihələr gerçəkləşdirilir. Məsələn, bizim flaqmanımız hesab olunan və dünyanın 50-dən çox ölkəsində tanınan Caspian Energy jurnalımız nəşr olunur. Dünyada yeganə jurnaldır ki, hər nömrəsində müxtəlif dövlətlərin prezidentləri və baş nazirləri ilə müsahibələr dərc edilir. Dünya ekspertləri, müxtəlif dövlət qurumlarının rəhbərləri böyük məmnuniyyətlə öz müsahibələrini burada çap etdirir, nəhəng beynəlxalq şirkətlərin başçıları Caspian Energy jurnalında öz fikirlərini oxucularla bölüşürlər. Böyük zövqlə həyata keçirdiyimiz daha bir yeni layihəmiz var. Söhbət Caspian Energy News elektron qəzetindən gedir. Siz qəzetin elektron versiyasının yerləşdirildiyi www.caspianenergy.net səhifəsinə daxil ola, Azərbaycanda və Xəzər-Qara dəniz regionunun digər ölkələrində həyata keçirilən islahatlar barədə öz fikirlərini bölüşən ekspertlərin müsahibələri ilə tanış ola bilərsiniz. İş adamları üçün zəruri alət hesab edilən xeyli layihələr var. Bu siyahıya keçirilən bütün tədbirlərin fotomateriallarını əldə etmək imkanı yaradan www.caspianenergy.photo, və təşkil etdiyimiz bütün tədbirlərimizin ətraflı videohesabatlarının yer aldığı www.caspianenergy.tv daxildir.
- Yeni kadrların hazırlanmasına Klub nə dərəcədə diqqət yetirir?
- Caspian European Club-un (Caspian Business Club) dəstəyilə Caspian Energy İnternational Media Group rektorlar səviyyəsində memorandumlar imzaladığımız ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz treninqlərin təşkili üzrə yeni proqram tətbiq edir. Treninqlər Caspian Energy İnternational Media Group-un redaksiyasında və müxtəlif departamentlərdə bir neçə istiqamət - praktiki treninqlər, nəzəri ideyalar üzrə keçirilir, tələbələr praktika zamanı jurnalın növbəti nömrəsinin hazırlanmasında, hansısa tədbirin təşkilində, bu və ya digər internet layihəsinin həyata keçirilməsində və s. proseslərdə iştirak edirlər. Bir sözlə, əmək fəaliyyətinə yenicə başlayanlar bu və ya digər layihənin həyata keçirilməsində öz məsuliyyətlərini hiss edə bilərlər ki, bu da onların gələcək fəaliyyətləri üçün çox önəmlidir.
Treninqlərin yekun nəticələri əsasında fərqlənən tələbələrə sertifikatlar təqdim olunur. Həmin sertifikat Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinə işə düzəlməkdə onlara yardımçı olur.
Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Gürcüstanın idman federasiyaları ilə razılaşma əsasında psixoloqlar qrupu ilə birgə beynəlxalq yarışlarda əldə edilən nəticələri yüksəltmək məqsədilə idmançılar arasında psixoloji treninqlər keçiririk.
Treninqlərimiz bununla bitmir. Biz həm də hər kvartal “Marketinq, brend-menecment və PR psixologiyası” mövzusu üzrə CEİBC-nin üzv şirkətlərinin top-menecerləri üçün treninqlər təşkil edirik. Bu treninqlər böhran dövrü ərzində xüsusi populyarlıq qazanıb. Çünki onun səmərəsi artıq praktikada hiss olunmaqdadır.
- Mümkündürsə, biznes nümayəndələrinə təqdim edtiyiniz mükafatlar barədə ətraflı danışardınız...
- Caspian European Club (Caspian Business Club) üç mükafatın (Caspian CEO Award, Caspian Brand Award və Caspian Media Award) təqdimetmə mərasimlərinin təşkilatçısıdır. Həmin tədbirlər bir neçə ay davam edən internet səsverməsinin nəticələrinə əsasən keçirilir. Mükafat uğrunda mübarizəyə qatılmaq üçün Caspian CEO Award (www.award.ceo) saytında şirkətlərin top-menecerlərinin fotoları, ad və vəzifələri, Caspian Brand Award (www.brandaward.org) saytında korporativ brendlər, məhsul və xidmət brendləri, Caspian Media Award (www.award.az) saytında isə dövlət qurumlarının və diplomatik nümayəndələrin mətbuat xidmətlərinin rəhbərlərinin, özəl şirkətlərin marketinq və PR menecerlərinin, eləcə də KİV rəhbərlərinin fotoları yerləşdirilir.
Səsvermədə yalnız Caspian European Club-un (Caspian Business Club) dünyanın 50 ölkəsindən olan üzvləri iştirak edə bilərlər. Qeydiyyatdan və səsvermədə iştirakdan tutmuş mükafatın alınmasınadək bütün mərhələlər ödənişsizdir. Mükafatı əldə etməkdən ötrü 5 min səs toplanılmalıdır. Eyni nominasiya üzrə bir neçə iştirakçı 5 min səs topladığı halda qalib ən çox səs yığmış iştirakçı seçilir. Səs vermək hüququ əldə etmək üçün saytda qeydiyyatdan keçmək tələb olunur. Bir İP ünvanından gün ərzində bir dəfə səs vermək olar. Mükafatın təqdimetmə mərasimi ildə iki dəfə - mart və sentyabr aylarında keçirilir.
- Siz Caspian European Club-un (Caspian Business Club) Azərbaycanda biznes-hökumət dialoqunun inkişafına yardım etməsi barədə danışdınız. Maraqlıdır, Klub ölkə hüdudlarından kənarda hansı xidmətləri göstərir?
- Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinin 80 faizindən çoxu Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərir. Onların nə Azərbaycan, nə Qazaxıstan, nə də başqa bir Xəzəryani ölkədə ofisləri yoxdur. Buna baxmayaraq, həmin şirkətlər gələcəkdə Xəzər regionu ölkələrində işləmək niyyətindədirlər. Bununla əlaqədar olaraq, biz Gürcüstan, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələrdə işi bərpa etməyi və ofislərimizin fəaliyyətini yeniləməyi planlaşdırırıq. Biz bu ölkələrdən hər hansının birində biznes marağı olan şirkətlərə müraciət etdik və həmin ofisin idarəsində onlarla əməkdaşlığı müzakirə etməyə hazır olduğumuzu bildirdik.
Hər bir ölkədə 1-dən 4-dək partnyor ola bilər. Hər üç aydan bir bu tərəfdaşlardan biri rotasiya sistemi üzrə Caspian European Club-un (Caspian Business Club) həmin ölkədəki fəaliyyətini idarə edəcək. Tərəfdaşlıq şirkətlərin biznesinin müxtəlif səviyyələrdə tanınmasına və irəliləməsinə yardımçı olacaq, həmçinin müştəri bazasını ciddi şəkildə genişləndirməyə və artırmağa imkan verəcək. Əcnəbi ofislərin fəaliyyət istiqamətlərindən biri Azərbaycan brendlərini həmin ölkələrdə inkişaf etdirmək və populyarlaşdırmaqdan ibarət olacaq. Avropa və Amerika şirkətləri bu gün bizimlə əməkdaşlıq etməkdə böyük maraq göstərirlər.
- Klub biznesin xaricdə informasiya səviyyəsində irəliləyişinə necə yardımçı ola bilər?
- Təbii ki, şirkətlər öz mövqelərini nümayiş etdirmək istəyirlər. Klubun bütün üzv şirkətləri Caspian Energy jurnalının hər buraxılışında xüsusi sorğu kataloqunda çap olunur. Bundan əlavə, şirkət barədə geniş məlumatın, loqotipin və rəhbərin fotosunun, həmçinin təqdim edilən xidmət və məhsullar haqqında məlumatın dərc olunduğu Caspian Energy INFO informasiya portalımız fəaliyyət göstərir. Beləcə, biz virtual əməkdaşlıq çərçivəsində münasibətləri tənzimləməkdə şirkətlər üçün əlverişli şərait yaradırıq.
Fürsətdən istifadə edərək, bizimlə sıx əməkdaşlıq edən və fəaliyyətimizə diqqətlə yanaşan dövlət qurumlarının nümayəndələrinə minnətdarlığımızı bildirmək istərdik. Ümid edirik ki, müvafiq əməkdaşlıq sistemini və biznes-hökumət dialoqunu ən yüksək səviyyədə qurmaq məqsədilə gələcəkdə bu təcrübəni Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə də tətbiq edə biləcəyik.
Maraqlı müsahibəyə görə təşəkkür edirik.
1news.az