Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk qrupu Ermənistanı cəzalandırmağa başladı” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk qrupu Ermənistanı cəzalandırmağa başladı”

13:18 - 16 / 12 / 2016
Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk qrupu Ermənistanı cəzalandırmağa başladı”

ATƏT-in Minsk qrupunun Ermənistana qarşı münasibəti dəyişib.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən son hadisələri şərh edərkən deyib. Politoloq bildirib ki, sözügedən qurum bu vaxtadək münaqişənin tənzimlənməməsində tərəfdaşı olmuş Ermənistanı cəzalandırmağa başladı.

ATƏT Xarici İşlər Nazirlərinin Hamburqda keçirilən Şura iclası Dağlıq Qarabağ tənzimlənməsi bucağından dörd istiqaməti ortalığa qoydu:

“Birincisi, Avropada ən iri dövlətlərdən biri olan Almaniya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ tənzimlənməsinə stimul verə bilmədi və ya vermək istəmədi. Almaniyanın xarici işlər naziri F.V. Ştaynmayerin fikrincə, Dağlıq Qarabağ tənzimlənməsi “ikinci nəfəs” əldə etməlidir. Amma o öz ölkəsinin niyə belə “ikinci nəfəs” verə bilmədiyini izah etmədi. Aprel döyüşləri də Almaniyanın ATƏT-ə sədrliyi dövründə baş verdi. Görünür, Almaniya təsəvvür olunduğu qədər güclü dövlət deyil. Yeri gəlmişkən, artıq 15-ci dəfədir ki, ATƏT-ə üzv dövlətlərin nazirlərinin Şura iclası yekun sənəd qəbul etmədən işini başa vurur.

İkincisi, Dağlıq Qarabağ tənzimlənməsi üzrə siyasi-təşkilati məsələlər Ermənistan tərəfindən məsxərəyə qoyuldu və ya ələ salındı. Ermənistan “3+2” formatında görüşə sonadək razılıq vermədi. Amma ən sonda bunu ABŞ dövlət katibi C.Kerrinin ministerialın işini tez tərk etməsi ilə əsaslandırdı.

Üçüncüsü, ATƏT MQ həmsədr ölkə xarici işlər nazirlərinin və Dağlıq Qarabağ tənzimlənməsinin iştirakçı dövlətlərinin ministerialın gedişində nümayiş etdirdikləri mövqelərə də diqqət yetirmək lazımdır:

ı. ABŞ dövlət katibi C.Kerri Dağlıq Qarabağ münaqişəsini Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrlə bərabər tutdu. Bu münaqişələr üçün ərazi bütövlüyünün bərpa olunması ümumi yanaşmadır. Eləcə də C.Kerri bu münaqişələri Avropadakı sabitlik üçün təhlükə adlandırdı.

ıı. Fransa “3+2” formatının təşəbbüskarı idi. Fransanın xarici işlər naziri Jan Mark Eyro ölkəsinin substantiv danışıqları və tənzimlənmədə etimad yaradan tədbirləri dəstəklədiklərini bildirdi. Fransa aktivdir.

ııı. Rusiya Hamburqda Ermənistanın mövqeyini müdafiə etdi. Rusiyanın mövqeyindəki dəyişiklik adət halını alıb və Bakının küləyinə oxşayır. Hamburqda bu xəzri idi. Bu ilin oktyabr ayında Yerevanda KTMT-nin iclası zamanı Lavrov Ermənistana Dağlıq Qarabağ münaqişəsini həll etmək şərti ilə Türkiyə ilə münasibətləri normallaşdırmağı təklif etdi. Bu gilavar idi. Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi mövqeyində səmt küləyi olub və yenidən belə olacaq.

Ermənistan hal-hazırda Rusiyanı Türkiyənin iştirakı ilə hərbi təxribata çəkə bilər. Suriyada baş verənlər bunun sübutudur. Rusiya bunu nəzərə alır.

Eləcə digər məsələ də var: Kreml hal-hazırda Ermənistan rəhbərliyinin yenidən qurulması ilə məşğuldur.

ıv. Azərbaycan Hamburqda bir az öncə başladığı diplomatik təşəbbüskarlığı davam etdirdi: Azərbaycan Prezidenti Dağlıq Qarabağa “muxtar respublika” statusunun veriləcəyini bildirdi; Ermənistan prezidenti ilə görüşməyə hazır olduğunu bəyan etdi;  Azərbaycanda “Ermənistanla Azərbaycan arasında Sülh üçün platforma” yaradıldı. Bu platformada Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 3 erməninin Azərbaycana gəlməsi, Azərbaycanda onları ürək açıqlığı ilə qəbul edilməsi bütün beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdi. Dağlıq Qarabağ ermənilərinin də belə addım atacağını, bu prosesə qoşulacağını gözləmək mümkündür; Xarici işlər naziri E.Məmmədyarov etimad tədbirlərinin artırılması və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsinin ofisinin genişlənməsi məsələsini substantiv danışıqlarla sinxronlaşdırması məsələsini ortalığa qoydu və bildirdi ki, bunlar bir-birinin tərkib hissəsi olmalıdır. Bu “sinxronlaşdırma” yenidir və onu heç kim neytrallaşdıra bilməyəcək. Bir sözlə, Azərbaycanın təklif etdiyi “sinxronlaşdırma” Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar prosesində “İskəndər”dir.

v. Ermənistanın Hamburqdakı davranışı, ikiüzlülük və saxtakarlıqla xarakterizə olunur. Ermənilərin ümidi yalnız özgə dövlətlərin əlində alət olmaq kimi tarixi-genetik xüsusiyyətlərinə xüsusiyyətinə əsaslanır. İndiki dövr erməni konfliktogenliyi üçün səmt küləyidir. Ermənistan prezidenti S.Sərkisyandan Hamburqda diplomatik təşəbbüskarlıq gözlədikləri halda, o Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən Hamburqa - ATƏT-in Şura iclasına hərbi məzmunlu mesajlar göndərdi.

Dördüncüsü, ATƏT MQ ölkələrinin ATƏT-in sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarının yaydığı bəyanatda yeniliklər, yeni yanaşmalar var:

- Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə itkin düşənlərin məlumatlarının mübadiləsinin həyata keçirməsindəki tərəqqini salamlayırıq.

- Biz tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi məsələsində qalmış bütün maneələri aradan qaldırmağa və insidentlərin tədqiqi mexanizmi ilə bağlı təklifi üzrə tərəqqiyə nail olmağa çağırırıq”.

M.Əhmədoğlu bildirib ki, bəyanatda Beynəlxalq Qırmızı Xaş Komitəsi ilə itkin düşənlər barədə məlumatların mübadiləsi məsələsi ardıcıllıqla birinci yerdə verilib. Bu artıq Ermənistanın bu vaxta qədər danışıqların başlaması üçün irəli sürdüyü ön şərtin ATƏT MQ tərəfindən inkarı deməkdir. Ermənistan danışıqların başlaması üçün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi və insidentlərin tədqiqi mexanizminin yaradılmasını şərt kimi irəli sürürdü:

“Bu təkliflər danışıqların təcili bərpası ilə eyni vaxtda reallaşdırılmalıdır. Bəyanatdakı bu tezis Azərbaycanın sinxronlaşdırma təklifinə uyğun gəlir. ATƏT MQ ölkələrinin ATƏT-in sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarının yaydığı bəyanata Yenilənmiş Madrid Prinsiplərinin də mətnini qoşublar. Bu ermənilər üçün ən vacib cavablardan biridir.

ATƏT MQ həmsədr ölkə xarici işlər nazirlərinin başçıları yenidən təsdiq etdilər ki, iyulun 10-u 2009-cu ildə İtaliyanın Akvil şəhərində qəbul edilmiş Yenilənmiş Madrid Prinsipləri danışıqlar stolu üstündə olan yeganə sənəddir. Ermənistanın iddia etdiyi 2007-ci ilin Madrid sənədləri və 2011-ci ilin Kazan sənədləri danışıqlar stolunda deyil.

Görünür ATƏT MQ-də Ermənistan danışıqlardan imtina etdiyi üçün onu cəzalandırmaq arzusu var”.

Politoloqun sözlərinə görə, ATƏT MQ-nin Ermənistanın səhv mövqeyinə qarşı reaksiya verməyi təkcə dekabrın 8-i Hamburqdan başlamadı:

“Bir az ondan əvvəl ənənəvi telemarafonda Dağlıq Qarabağın de-fakto başçısı B.Saakyanın həmsədr ölkələrə girişinə icazə verilmədi. Ənənəyə görə B.Saakyan telemarafon keçirilərkən əvvəlcə Moskvaya, oradan Fransanın Lion, oradan da ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinə gedirdi. 2016-cı ildə bu ənənə qırıldı. Həmsədr ölkələr B.Saakyana viza vermişdilərsə də sonradan o vizanı ləğv ediblər.

Dekabrın 4-də Dağlıq Qarabağ qondarma qurumun baş nazirinin ABŞ konqresində Dağlıq Qarabağın müstəqilliyinin 25 illiyinə dair tədbir keçirməsi özü sübut edir ki, ABŞ B.Saakyanı ölkəyə buraxmayıb. ABŞ-dakı ermənilərin aktivliyinin fonunda Ermənistanın müəyyən təzyiqləri və yaxud yalvarışları nəzərə alınaraq, sentyabrın 2-də olunmalı tədbiri dekabr ayında qondarma qurumun başqa nümayəndəsinin iştirakı ilə reallaşdırdılar”.

Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin hərbi həllini indi anlayışla qarşılayacaq

Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində nə edəcəyini bilmədiyini deyən M.Əhmədoğlunun sözlərinə görə, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını bütün tarixləri boyu əldə etdikləri ən böyük qənimət hesab edirlər və ona görə də bunu əldən buraxmaq istəmirlər:

“Ermənistan rəhbərliyi həm də başa düşür ki, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT MQ-nin məqsədi bu torpaqların Azərbaycana qaytarılmasıdır. Çünki BMT, ATƏT Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün işğal olunmuş əraziləri Azərbaycanın ərazisi hesab edirlər. Ermənistanın mövqeyində belə ziddiyyətli rəngarəngliyi S.Sərkisyanın “MİA-Novosti”yə verdiyi müsahibədə göstərdi. S.Sərkisyanın müsahibəsində Dağlıq Qarabağ tənzimlənməsi reallığa yaxın əks olunub. S.Sərkisyan 7 rayonun Azərbaycana qayıtmasından danışır, “əhali” termini işlədir, Dağlıq Qarabağın statusu ilə bağlı keçirilən referendumda Dağlıq Qarabağdan qovulmuş azərbaycanlıların iştirakını mümkün hesab edir. Amma həmin S.Sərkisyan E.Nalbandyana ATƏT MQ həmsədrlərinin təklif etdiyi Hamburqda “3+2” formatında iştirak etməyə icazə vermədi. E.Nalbandyan vaxtında prezident S.Sərkisyanla görüşdü. S.Sərkisyan xarici işlər nazirlərinin nəzərdə tutduğu bütün tədbirlərə icazə verdi. Əgər S.Sərkisyan Hamburqda “3+2” formatına icazə versəydi, E.Nalbandyan bunu dərhal açıqlayardı və iştirak edərdi. Bir tərəfdən reallığa yaxın bəyanatlar verən S.Sərkisyan digər tərəfdən ölkəsini həmsədrlərlə danışıqdan yayındırdı”.

S.Sərkisyanın özünün də Azərbaycan Prezidenti ilə görüşdən imtina etdiyini xatırladan politoloq bildirib ki, ən paradoksal hadisə isə məhz Hamburq ministerialının başladığı gün baş verdi:

“S.Sərkisyan Hamburqda dinc danışıqlara yardım etmək, prezidentlərin görüşünə hazırlıqla bağlı təkliflər göndərmək əvəzinə hərbi eskalasiya ilə məşğul oldu. Sünikdə hərbi bazanın açılışında iştirak etdi və oradan da Dağlıq Qarabağa gələrək orada hərbi tədbirlərə rəhbərlik etdi. Bu, Ermənistan prezidenti S.Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməyə hazırlaşmadığını sübut edir. O yalnız müharibəyə ümid edir ki, hərbi təxribatlara əl atmaqla kimlərinsə diqqətini özünə və yaxud regionu müharibəyə sürükləməklə qonşu dövlətləri şantaja cəlb edə bilər. Yaranmış vəziyyətdə ATƏT MQ həmsədrlərinin yubanmağına heç bir ehtiyac yoxdur. Onların hazırladığı, yaydığı bəyanat Ermənistanın mövqeyinə dinc danışıqlar dövründə vurulmuş ən ciddi zərbədir. Amma gecikmiş addımdır. Ona görə indi addımlar sürətlənməlidir”.

M.Əhmədoğlu ən azı üç addımı hal-hazırda çox vacib hesab etdiyini də sözlərinə əlavə edib:

“ı. Ermənistanın ATƏT MQ həmsədrləri adından bəyanatlar verməsi praktikasına son qoyulmalı, Ermənistanın hər bir bəyanatına ATƏT MQ həmsədrlərindən  konkret reaksiya verilmədir. Əgər S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsində əhalinin iştirak edəcəyini bildirirsə bunu niyə həmsədrlər deməməlidir? “Yalnız Dağlıq Qarabağ azərbaycanlıları qayıtdıqdan sonra Dağlıq Qarabağın statusu müəyyən olunacaq” fikri niyə həmsədrlər tərəfindən deyilməməlidir?

ıı. Dağlıq Qarabağa gedərkən həmsədrlər özləri ilə Dağlıq Qarabağ azərbaycanlılarından ibarət nümayəndə heyəti aparmalı və Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının dialoqunu təşkil etməlidir. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa getməsinə icazə verməyəcəyi təqdirdə ATƏT MQ həmsədrləri də Dağlıq Qarabağa ayaq basmamalı, o de-fakto rəhbərliklə görüşməməlidir. İcmalar arası dialoqun qurulması üçün variantlar axtarmalıdırlar.

ııı. Münaqişənin hərbi yoldan başqa həllinin olmadığını həmsədrlər başa düşüblər. Ona görə Azərbaycan torpaqlarının erməni işğalından azad olunması istiqamətində hərbi addımların müzakirəsi başlanmalıdır. ATƏT MQ və ATƏT-in hərbi planlaşdırma missiyasının iştirakı ilə Azərbaycanda Milli Ordu, Sərhəd Qoşunları və Daxili Qoşunların iştirakı ilə hərbi əməliyyatlar planı hazırlanmalı və ATƏT-in hərbi planlaşdırma missiyasının distansion nəzarəti ilə Azərbaycanın Birləşmiş Qoşun Qrupu bu əməliyyatları reallaşdırmalıdır. Belə hərbi vəziyyət Ermənistan tərəfindən anlayışla qarşılanacaq. Çünki başqa variantda S.Sərkisyan torpaqları geri qaytarmayacaq. S.Sərkisyanın torpaqları geri qaytarmasını xalqa “əsaslandıra” bilməlidir. Erməni xalqının beyninə beynəlxalq hüquq və s. belə şeylər təsir edən deyil. S.Sərkisyan erməni xalqını inandırmalıdır ki, gəldilər, güc yolu ilə torpaqlarını geri aldılar, bizim gücümüz çatmadı. Millət olaraq qırılmağa getmək istəyiriksə mən hamıdan qabaqda olmaqla gedək. Yalnız bu halda Ermənistanda əhalinin radikal qızışmış hissəsi sakitləşəcək”.

Azərbaycanın diplomatik təşəbbüsləri real nəticələr yaratdı

Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin son prosesləri Azərbaycan Prezidentinin “MİA-Novosti”yə verdiyi müsahibədə Dağlıq Qarabağa muxtar respublika statusu vermək təşəbbüsündən başlandı:

“Azərbaycan Prezidenti  Ermənistan prezidenti ilə görüşməyə hazır olduğunu da bildirdi. Dərhal Azərbaycan Prezidentinin bu iki təşəbbüsünə ATƏT-in Minsk qrupunun həmsədri Uorlik reaksiya verdi. Amma az sonra bəlli oldu ki, Ermənistan prezidenti Azərbaycan Prezidenti ilə görüşə hazır deyil. Eləcə də Uorlik Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsinin də müzakirə olunduğunu bildirdi. Amma Uorlikin və başqasının nə deməsindən asılı olmayaraq Azərbaycan Prezidentinin bu təşəbbüsü artıq öz işini görmüşdü. S.Sərkisyan da elə həmin platformada “MİA-Novosti”yə müsahibə verəndə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki vəziyyət barədə fikirləri reallığa mümkün qədər yaxın idi. Az sonra ATƏT-in Hamburq ministerialı ərəfəsində Azərbaycan tərəfi “3+2” formatında görüşə hazır olduğunu bildirdi. Eləcə də Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov Azərbaycanın istənilən formatda görüşməyə hazır olduğunu bildirdi.

Hamburq ministerialı ərəfəsində Azərbaycan tərəfi Ermənistan və Azərbaycan ictimaiyyətinin təmsilçilərindən ibarət sülh platforması yaradıldı. 3 erməninin Azərbaycana səfəri və Azərbaycanda onların ürək açıqlığı ilə qarşılanması bütün beynəlxalq ictimaiyyətin gözünün qabağında oldu. Dağlıq Qarabağ ermənilərinin də bu prosesə qoşulmasını gözləmək mümkündür.

Ministerialın özündə iştirak zamanı Azərbaycanın xarici işlər naziri sinxronlaşdırma ilə bağlı təklif irəli sürdü. Kaspişikin missiyasının genişləndirilməsi və qoşunların işğal olunmuş ərazilərdən çıxması prosesi ilə sinxronlaşdırılmalıdır. Bu vaxtadək ermənilər şərt irəli sürürdülər ki, Dağlıq Qarabağla bağlı danışıqlar yalnız Kaspişikin missiyasının genişləndirilməsindən sonra başlaya bilər. İndi Azərbaycan tərəfi Ermənistanın bu təklifini də neytrallaşdırdı. Hücum səviyyəsinə qaldırılmış diplomatik təşəbbüskarlıq Azərbaycana kifayət qədər ciddi uğur qazandırdı”.

M.Əhmədoğlu beynəlxalq ictimaiyyətin Azərbaycanın atdığı addımlara adekvat olaraq reaksiya verdiyini də diqqətə çatdırıb:

“ı. Qondarma qurumun de-fakto rəhbəri B.Saakyanın telemarafonda iştirakı zamanı həmsədr ölkələrə girişinə icazə verilmədi. Telemarafonun ənənəsinə görə hər il Bako Saakyan əvvəlcə Moskvaya, oradan Fransanın Lion şəhərinə, oradan da ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinə gedirdi. Bu il viza verilmədiyi üçün bu məsələ alınmadı.

ıı. Həmsədr ölkələrin xarici işlər nazirlərinin Hamburqda yaydığı bəyanat Ermənistanın mövqelərinə kifayət qədər ciddi zərbədir. Həqiqətə mümkün qədər yaxın mövqedir. Amma elə başa düşürük ki, ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistanı dərk etmək istiqamətində çox yubanmamalıdırlar. Onlar başa düşməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantı yeganə variantdır. Hərb variantı olmadan Ermənistan prezidenti S.Sərkisyan Dağlıq Qarabağın Azərbaycana qaytarılması variantına razılıq verə bilməz.

Azərbaycanın diplomatik təşəbbüsləri irəli sürdüyü dövrlərdə Azərbaycanda hərbi aktivlikdə ən yüksək səviyyədə olub. Azərbaycan ordusu yeni kampaniyalara hazır olduğunu keçirdiyi təlimlərlə sübut etdi. Azərbaycanın irəli sürdüyü diplomatik təşəbbüslər Azərbaycan ordusunun keçirdiyi təlimlərlə sinxronlaşdırıldı və nəticədə bu lazımi effekt yaratdı. Əgər diplomatik təşəbbüslər Ermənistan tərəfindən qəbul edilməyəcəksə, Azərbaycan ordusu diplomatik təşəbbüslərimizə bu istiqamətdə də dəstəyini davam etdirəcək. Hərbi əməliyyatların variantları və ya modelləri çoxdur”.

1news.az

Paylaş:
637

Son xəbərlər

Bütün xəbərlər