Azərbaycan XİN Berlində törədilmiş faciəvi hadisə ilə əlaqədar açıqlama yayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar açıqlama yayıb.
Açıqlamada deyilir:
“Biz, Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Azərbaycanın Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır”.
Xatırladaq ki, dünən gecə Almaniyanın paytaxtı Berlində keçirilən Yeni il yarmarkasında terror hadisəsi törədilib. Belə ki, naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
1news.az