Bakıda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib – FOTO

16:04 - 21 / 12 / 2016
Bakıda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib – FOTO

Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib.

1news.az-ın məlumatına görə, artıq 2-ci dəfədir ki, Bakıda təşkil olunan tədbirə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan) 50-dən çox nümayəndəsi iştirak edib. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrə, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Tədbirdən əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndələri Fəxri Xiyabanda ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq, abidəsi önünə əklil qoyublar.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər.

Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşünü açan Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş 9-cu samitində imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir, bir-birinə dəstək olurlar.

İqtisadiyyat nazirlərinin bu günkü görüşünün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Toplantısına hazırlıq məqsədilə keçirildiyini xatırladan Azərbaycanın iqtisadiyyat naziri diqqətə çatdırıb ki, siyasi əlaqələrimizin güclənməsinə xidmət edən Parlament Assambleyası, üzv-dövlətlər arasında əməkdaşlığın və anlaşmanın inkişafını təmin edən Ağsaqqallar Şurası, biznes dairələri arasında əməkdaşlıq platformasının yaradılmasına təkan verən Biznes Şurası, mədəni əlaqələrimizin inkişafına böyük töhfə verən TÜRKSOY kimi müxtəlif qurumlar ortaq din, dil və mədəni köklərə malik ölkələrimizin daha da yaxınlaşmasına geniş zəmin yaradır. Bundan başqa, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi təşəbbüslər mədəniyyətimiz, tariximiz və milli dəyərlərimizin beynəlxalq aləmdə tanınmasını təşviq edir.

Ş.Mustafayev ölkələrimiz arasında çoxşaxəli iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Bu əlaqələrin inkişafı  ölkələrimiz arasında yüksək səviyyəli siyasi münasibətlərlə bərabər, həm də müvafiq müqavilə hüquq bazasının olmasından irəli gəlir. Türk Şurası çərçivəsində artıq investisiya təşviqi, investisiya mühiti, investisiya statistikası və kiçik və orta sahibkarlıq sahələri üzrə Anlaşma Memorandumları, ikitərəfli qaydada isə 300-dən çox sənəd imzalanıb. Bundan başqa birgə hökumətlərarası komissiyalar, Türkiyə ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası və digər ikitərəfli qurumlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilir, mühüm qərarlar qəbul edilir.

Azərbaycanın türkdilli dövlətlərlə ticarət, investisiya əməkdaşlığının, iş adamları arasında əlaqələrin inkişafına və genişləndirilməsinə önəm verir. Bildirilib ki, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türk Şurasının üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib. Azərbaycan tərəfindən Türkiyəyə qoyulan investisiyaların məbləği 8 milyard dollar, Qazaxıstana isə 190 milyon dollar olub. Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 milyon ABŞ dolları təşkil edir.

Azərbaycan və Qırğızıstan arasıdnda da investisiya əməkdaşlığını genişləndirmək üçün imkanlar genişdir. Ümumilikdə, Türk Şurası ölkələrinin Azərbaycanda 2700-dən çox şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli qaydada 300-dən çox tədbir keçirilib.

Nazir Ş.Mustafayev qeyd edib ki yeni və strateji əhəmiyyət kəsb edən əməkdaşlıq istiqamətlərindən biri də ölkələrimizin tranzit potensialından səmərəli istifadə olunması ilə bağlıdır. Bu baxımdan dünya miqyasında ən böyük enerji layihələrindən olan Cənub Qaz Dəhlizi türkdilli ölkələr üçün geniş tranzit imkanları yaradır.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdıran Ş.Mustafayev Türk Şurası ölkələri ilə ticarət, investisiya, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib. Qeyd edib ki, əgər Türkiyə, Qazaxıstan və ya Qırğızıstanın idxal etdiyi hər hansı məhsul Azərbaycanın ixrac məhsulları siyahısında mövcuddursa, həmin məhsullar Azərbaycandan idxal edilə bilər və ya əksinə. Qardaş ölkələr idxal etdikləri meyvə və tərəvəz və onlardan emal olunan məhsulları, çay, şəkər, şərablar və spirtli içkilər, kimya və sənaye məhsullarını Azərbaycandan ala bilər. Eyni zamanda, Azərbaycan öz idxalında Türkdilli ölkələrdən ixrac olunan məhsullara üstünlük verə bilər. Ölkələrimizin bir-birinə qarşılıqlı investisiya yatırması üçün də böyük imkanlar var.

Artıq Qazaxıstan və Türkiyə ilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Koordinasiya Komitəsi çərçivəsində əməkdaşlıq edirik. Ölkələrimizdən keçən tranzit marştrutlarına üstünlük verilməsi və tranzit yükdaşımalarının həcminin artırılması üçün digər türkdilli ölkələrdə də oxşar addımlar atıla bilər. Turizmin inkişafı üçün də geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında turist axınının artırılması istiqamətində tədbirlər görülməsi üçün birgə şirkətlərin yaradılması, qarşılıqlı turizmin təşviq edilməsi məqsədəuyğundur.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi görüşün türkdilli dövlətlərin dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu, ölkələrimizin ortaq dilə, dinə və mədəniyyətə malik olduğunu qeyd edib. N.Zeybekçi Türkiyə iqtisadiyyatı, üzv ölkələr arasında mövcud iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi imkanları barədə məlumat verib və bu günkü görüşün türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını bildirib. N.Zeybekçi həmçinin, ticarət, turizm, gənclər, idman və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Aydar Arifxanov ölkəsinin Şuranın ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd edib. Qazaxıstanın iqtisadiyyatı, biznes və investisiya imkanları, nəqliyyat və tranzit potensialı barədə məlumat verən Aydar Arifxanov türkdilli ölkələri Qazaxıstanın tranzit imkanlarından faydalanmağa, ölkəsində birgə müəssisələr yaratmağa, ticarət əlaqələrini genişləndirməyə dəvət edib, Türk Şurasının əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb.

Qırğızıstanın iqtisadiyyat nazirliyinin stats katibi xanım Ayday Kurmanova ölkəsinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yaxından iştirak etdiyini, üzv ölkələrin birgə səyi nəticəsində əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Türk Şurası ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq, Qırğızıstan iqtisadiyyatı barədə məlumat verən A.Kurmanova türkdilli ölkələrin Qırğızıstana investisiya yatırdığını, iqtisadiyyatın müxtəlif sahələrində iştirak etdiklərini bildirib. A.Kurmanova bu günkü görüşün türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Türk Şurasının baş katibi Ramil Həsənov çıxışında təşkilatın fəaliyyəti, görülən işlər barədə məlumat verib, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi dair təkliflər səsləndirib. Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Azərbaycanın Ələt və Qazaxıstanın Aktau limanlarının genişləndirilməsi türkdilli ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin, tranzit əməkdaşlığının genişləndirilməsinə imkan verəcək. R.Həsənov şuranın portalının səmərəliliyinin artırılmasını, biznes forumların və digər tədbirlərin keçirilməsinə dair təkliflər səsləndirib.

Sonra Türk Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunda bir gün əvvəl müzakirə edilən məsələlər barədə məlumat verilib, müzakirələr aparılıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşünün yekununa dair Protokol imzalanıb.

1news.az

Paylaş:
808

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər