Mübariz Əhmədoğlu: İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaqla sülh yolunun səmimi tərəfdarı olar | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaqla sülh yolunun səmimi tərəfdarı olar

15:40 - 27 / 12 / 2016
Mübariz Əhmədoğlu: İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaqla sülh yolunun səmimi tərəfdarı olar

İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaq və davamlı etmək imkanına malikdir. Tehran və ya İsfahanda hər iki icmanın təmsilçilərinin görüşünü təşkil etməklə bu prosesi başlaya bilər.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaqla bağlı xəbəri şərh edərkən bildirib:

“ATƏT MQ ölkələri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qura bilməyiblər. Ermənipərəstlikləri imkan verməyib, bəlkə də bu istiqamətdə  heç bir addım atmayıblar. İran həqiqətən bu istiqamətdə çalışsa İranın bu yöndəki fəaliyyətinə Ermənistan zərrə qədər maneçilik törədə bilməyəcək. İranın Ermənistandan narazı olması və ya Ermənistanın İranın təklifini rədd etməsi ilə bağlı məlumatlar Ermənistana ciddi zərbə olacaq”.

Politoloq qeyd edib ki, İranın Dağlıq Qarabağ erməniləri ilə əlaqələri var. Dağlıq Qarabağ ermənilərinin idman komandası və Dağlıq Qarabağdan olan erməni jurnalist dəvət əsasında İranda olublar:

“İranın Azərbaycandakı səfiri C.Cahangirzadə İran naziri Mahmud Vaezinin 49 dəfə Azərbaycanda, Ermənistanda və Dağlıq Qarabağda olduğunu bildirdi. İran səfiri İran nazirinin Dağlıq Qarabağa getməsini təsdiqləyir. İran rəsmilərinin, siyasət adamlarının, mətbuatının  Dağlıq Qarabağın azərbaycanlı icması ilə heç bir əlaqəsi yoxdur.

Erməni Apostol kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyan 4 günlük aprel döyüşlərindən sonra Dağlıq Qarabağa gəldi. Bako Saakyan Sepux Sərkisyana daimi yardım üçün minnətdarlığını bildirdi. Dağlıq Qarabağa ən çox   və daimi yardım edən də Sepux Sərkisyan idi.  İran vətəndaşlarının Dağlıq Qarabağa gəlməsi, Dağlıq Qarabağ ermənilərinin İrana getməsi beynəlxalq hüquq normalarına qarşı İran tərəfindən hörmətsizlikdir”.

Mübariz Əhmədoğlunun fikrincə,  erməni Apostol kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyan və İrandakı ermənilər İran vətəndaşlarıdır:

“Tehran yeparxiyasının vəsaiti İran vətəndaşlarının pulu hesabına formalaşır. Bu pulun bir qismi Azərbaycan torpaqlarının işğalının davam etməsinə xərclənir. İrandakı erməni icması İran hökumətinin ən əsas  məsləhətçilərindən biridir.  Əgər doğrudan da İran hökuməti regionda sülhü istəyirsə İrandakı erməni icması vasitəsilə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu təşkil edə bilər. Tehran istəsə İrandakı erməni yeparxiyası Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələrini Tehrana dəvət edib və onların arasında dialoqu qura bilər.

İran Dağlıq Qarabağ tənzimlənməsinə dair bir neçə dəfə vasitəçilik təşəbbüsü irəli sürüb. Azərbaycan heç vaxt İranın vasitəçilik təşəbbüsünü rədd etməyib. Amma 3 dəfə İranın vasitəçilik missiyasına razılıq verib. 1-ci dəfə razılıq verəndə  Şuşa işğal olundu. Şuşa işğal olunduqdan sonra İran Ermənistanla münasibətlərini nəinki azaltdı, əksinə bir az da artırdı. 2 dəfə isə Azərbaycan rəsmən İranın vasitəçilik missiyasına razılıq verməsinə baxmayaraq İranın vasitəçilik missiyası alınmayıb. Çünki Ermənistan İranın vasitəçilik missiyasını qəbul etməyib. Hər dəfə Ermənistan İranın vasitəçilik missiyasını qəbul etməyəndə İran narahat olub və Ermənistana əlavə yardımlar edib. İranın Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaq təklifinə münasibəti Azərbaycanda “Sülh platformasına” dəstək kimi qəbul ediləcəkdir”.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər