Nazir: Xəzərin statusu ilə bağlı Konvensiyanın əksər maddələrinin 80 faizə qədəri razılaşdırılıb | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Xəzərin statusu ilə bağlı Konvensiyanın əksər maddələrinin 80 faizə qədəri razılaşdırılıb

16:40 - 27 / 12 / 2016
Nazir: Xəzərin statusu ilə bağlı Konvensiyanın əksər maddələrinin 80 faizə qədəri razılaşdırılıb

İndiyə qədər Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı 47 iclas keçirilib. Həmçinin 2002-ci ildən etibarən Aşqabad, Tehran, Bakı və Həştərxan şəhərlərində olmaqla, Xəzəryanı ölkələrin dövlət başçılarının 4 sammiti təşkil olunub.

1news.az-ın məlumatına görə, bunu ilin yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Həştərxanda dövlət başçılarının növbəti Sammitinin 2017-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilməsi barədə qərar qəbul edilib:

“Həştərxan Sammitində dövlət başçılarının qəbul olunmuş Birgə Bəyannaməsində Xəzər dənizinin bir çox prinsipial məsələlərinə dair vacib razılaşmalar əldə edilib və bu razılaşmalar bütün nümayəndələr tərəfindən təsdiq olunmaqla konvensiya layihəsində öz əksini tapıb. Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Statusla bağlı Konvensiyanın əksər maddələrinin demək olar ki, ümumilikdə, 80 faizə qədəri razılaşdırılıb”.

Həm Bakı, həm Həştərxan sammitlərindən sonra Xəzər dənizinin hüquqi statusuna dair bir çox vacib məsələlərin öz həllini tapdığını deyən nazir bildirib ki, bu məsələlər içərisində su səthinin bölünməsi, hüquqi rejimlərin razılaşdırılması, təhlükəsizlik, gəmiçilik, bioloji resursların qorunması və istifadə olunması, fövqəladə hallar, hidrometeorologiya ilə bağlı məsələlər həm konvensiya layihəsi, həm də imzalanmış bir çox sazişlər vasitəsilə Xəzəryanı ölkələrin əməkdaşlığını və fəaliyyətini təmin edir və tənzimləyir:

“Statusla bağlı tam razılıq əldə olunacağı təqdirdə, Astana Sammiti Xəzəryanı ölkələrin gələcək qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün hərtərəfli hüquqi əsas yaradacaq.

Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunur”.

1news.az

Paylaş:
692

Son xəbərlər

Bütün xəbərlər