Məhkumlar arasında dama və şahmat turnirləri keçirilib
Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş dama və şahmat turnirləri keçirilib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, turnirlər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına əsasən təşkil edilib.
Tədbirdə 8 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Müşviq Məcidov, Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə mayoru Qaçay Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı, paytaxtın dama və şahmat idman növləri üzrə əlaqələndirici–kuratoru Salman Əbdülov çıxışlarında belə yarışların məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Olimpiya sistemi üzrə keçirilən turnirlərdə qalib gələn iştirakçılar diplom və xatirə hədiyyələri ilə təltif olunublar.
1news.az