28 yaşlı çobanı qadın öldürübmüş - YENİLƏNİB
Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda törədilmiş qətllə bağlı məlumat yayıb.
1news.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulub.
9:46
Biləsuvarda qətl törədilib.
1news.az APA-ya xəbər verir ki, rayonun Muğan adlanan Obalıq ərazisində əslən Yardımlı rayonunun Alar kəndindən olan 28 yaşlı Nabil İlham oğlu Rəhmanov sübh tezdən mal-qarasını otarmaq üçün evdən çıxıb.
Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabilin axtarışına başlayıblar. Nabilin meyiti qonşuluqda yaşayan başqa bir çobanın həyətində tapılıb.
Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanları cəlb edilib. N. Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Mərhumun atasının qənaətincə, oğlunu həmkəndliləri bıçaqlayaraq qətlə yetirib. Kənd sakinləri Fəqan Orucəliyevlə onun bacısı Dilarə Orucəliyeva şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
1news.az