Rüstəm Usubov Rusiyanın insan hüquqları üzrə müvəkkili ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Rüstəm Usubov Rusiyanın insan hüquqları üzrə müvəkkili ilə görüşüb

17:25 - 29 / 12 / 2016
Rüstəm Usubov Rusiyanın insan hüquqları üzrə müvəkkili ilə görüşüb

Dekabrın 29-da Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubov Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində digər hüquq mühafizə orqanları, eyni zamanda ombudsman təsisatı ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayan Baş prokurorun birinci müavini insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, işgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və ya cəzanın qarşısının alınmasında prokurorluğun rolu, iki ölkə arasında insan hüquqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından dekabrın 28-də Azərbaycan və Rusiya ombudsmanları arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişinin əhəmiyyətini xüsusi qeyd edib.

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova səmimi qəbula görə minnətdarlığını bildirərək həmkarının insan hüquqları sahəsində uğurlu fəaliyyətini vurğulamış, eyni zamanda həmin təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha vurğulayıb.

Qeyd edək ki, görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin də iştirak edib.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər