Hərbi ekspert: “Bu günkü təxribat rəsmi Yerevanın əvvəlcədən hazırladığı plandır”
Bu gün cəbhə bölgəsində baş verən təxribat rəsmi Yerevanın əvvəlcədən hazırladığı plandır.
1news.az-ın məlumatına görə, bunu hərbi ekspert, müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov deyib.
Hərbi ekspertin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan nümayəndə heyətinin təşkilatın üzvlərinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və qurumun baş katibi vəzifəsinə erməni təmsilçisinin seçilməsi cəhdlərinin boşa çıxmasından sonra KTMT üzv ölkələrinin diqqətini konfliktə cəlb etmək məqsədilə rəsmi Yerevan bu günkü provokasiyanı törədib.
“Dövlət sərhədində baş vermiş insidentdən qısa müddət sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın hadisənin Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf hissi doğurur. Belə ki, təxribatın və tələsik müsahibənin verilməsi vaxtlarının təqribən üst-üstə düşməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını qeyd etməyə əsas verir.
Ermənistan tərəfi planlı şəkildə və vaxtaşırı Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə təxribatların törədilməsi barədə dezinformasiya xarakterli məlumatları yaymaqla münaqişənin miqyasını süni şəkildə genişləndirmək və təmsil olunduğu hərbi-siyasi təşkilatın digər üzvlərini də bu münaqişəyə cəlb etmək məqsədini güdür”- deyə, Ç.Məmmədov qeyd edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Müdafiə Nazirliyinin məlumatına görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
1news.az