General-leytenant: Düşmənin təxribatı rəsmi Yerevanın əvvəlcədən hazırladığı plandır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburqda keçirilən sonuncu sessiyasında Ermənistan nümayəndə heyətinin təşkilatın üzvlərinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və qurumun baş katibi vəzifəsinə erməni təmsilçisinin seçilməsi cəhdlərinin boşa çıxmasından sonra KTMT üzv ölkələrinin diqqətini konfliktə cəlb etmək məqsədilə rəsmi Yerevan bugünkü təxribatı törədib.
Bunu hərbi ekspert, müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov deyib.
Ç.Məmmədov bildirib ki, dövlət sərhədində baş vermiş insidentdən qısa müddət sonra KTMT-nin baş katibi Nikolay Bordyujanın hadisənin Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf hissi doğurur. Belə ki, təxribatın və müsahibənin tələsik verilməsi vaxtlarının təqribən üst-üstə düşməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir.
“Ermənistan tərəfi planlı şəkildə və vaxtaşırı Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə təxribatların törədilməsi barədə dezinformasiya xarakterli məlumatları yaymaqla münaqişənin miqyasını süni şəkildə genişləndirmək və təmsil olunduğu hərbi-siyasi təşkilatın digər üzvlərini də bu münaqişəyə cəlb etmək məqsədini güdür”, - deyə istefada olan general-leytenant deyib.
AZƏRTAC