Mehriban Əliyeva: Azərbaycan müstəqilliyimizin əbədiliyi naminə daim yaşasın və güclənsin – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva: Azərbaycan müstəqilliyimizin əbədiliyi naminə daim yaşasın və güclənsin – FOTO

19:20 - 29 / 12 / 2016
Mehriban Əliyeva: Azərbaycan müstəqilliyimizin əbədiliyi naminə daim yaşasın və güclənsin – FOTO

Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Uşaqlar Heydər Əliyev Fondunun təşkil etdiyi şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gətiriliblər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərində tərbiyə alan, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, Psixonevroloji Mərkəzin azyaşlı sakinləri üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bu proqram, sarayda balacalar üçün qurulan və əsl bayram əhvali-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu sevinci onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, Bakının 1 və 2 saylı uşaq evlərinin, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, başlıca fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri digər qurumlar üçün nümunə sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı dəfələrlə “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, “Uşaq evlərinin və internat məktəblərin inkişafı” Proqramı çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqlarla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinətinə çevrilən ali dəyərlərdən sayılır. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 12 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dedi:

“Hörmətli müəllimlər, çox hörmətli valideynlər, hörmətli sənətçilər, əziz uşaqlar.

2016-cı il son günlərini yaşayır. Biz bu gün yeni 2017-ci ili birgə qarşılayırıq. Mən çox şadam ki, artıq 12 ildir Heydər Əliyev Fondu paytaxtımızda yerləşən bütün uşaq evlərində, internat məktəblərində yaşayan, tərbiyə və təhsil alan uşaqlar üçün yeni il şənlikləri təşkil edir. Yeni il həm uşaqların, həm də böyüklərin ən sevimli bayramlarından biridir. Adətən bu bayramı insanlar doğmaları və əzizləri ilə bərabər qeyd edirlər. Mən çox şadam ki, bu gün biz böyük bir ailə, ən əziz insanlar kimi 2017-ci ili birgə qarşılayırıq.

Əziz uşaqlar, ömrünüzün bu çağında sizin ən əsas vəzifəniz yaxşı oxumaqdır, bilik, savad qazanmaqdır. Mən ümidvaram ki, siz bu ili yaxşı qiymətlərlə və ən əsası da yeni biliklərlə başa çatdırırsınız. Sizin qarşınızda böyük ömür yolu var. Bu ömür yolunda layiqli, sağlam, savadlı, bacarıqlı vətənpərvər insan olmaq üçün bu gün tam gücünüzlə təhsil alıb oxumalısınız. Bu yolda sizə müəllimləriniz kömək edir. Bu gün Azərbaycanın bütün müəllimlərinin əməyini qeyd etmək istəyirəm. Bütün peşələr dəyərlidir, qiymətlidir, gözəldir. Lakin müəllimlik elə bir peşədir ki, onun məhsulu insandır.

Biz bilirik ki, hər bir ölkənin, hər bir cəmiyyətin gələcəyi onun yeni nəslindən asılıdır. Ona görə müəllimlik ən müqəddəs, ən şərəfli peşədir. Təkcə hansısa bir fənni tədris etməklə, bilik verməklə müəllimin vəzifəsi bitmir. Müəllim səylərini yüksək mədəniyyətə, milli-mənəvi dəyərlərə, geniş dünyagörüşünə malik olan, xalqa, Vətənə layiqli, vətənpərvər vətəndaş böyütməyə yönəldir. Mən əminəm ki, əziz uşaqlar, siz məhz belə insanlar kimi böyüyəcəksiniz. Bizim arzumuz sizləri mənəvi və fiziki sağlam, savadlı, bilikli, mədəniyyətli, güclü, iradəli vətənpərvər görməkdir. Siz müstəqil Azərbaycanda doğulmusunuz və müstəqil Azərbaycanda böyüyürsünüz. Bu, sizin ən böyük xoşbəxtliyinizdir.

Ötən 2016-cı ildə Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi. Bu, bizim ən böyük sərvətimizdir. Azərbaycan bu illər ərzində böyük və şərəfli yol keçib, böyük nailiyyətlər əldə edib, böyük qələbələrə imza atıb. Biz fəxr edirik ki, Azərbaycan müstəqil, qüdrətli, dünya xəritəsində öz layiqli yerini tutmuş, öz sözünü söyləyən və maraqlarını qoruyan bir dövlətdir. Ötən il yaddaşımızda həm xoş anlarla, yeni nailiyyətlərlə, yeni qələbələrlə, həm də çətinliklərlə, çətin anlarla, itkilərlə qalacaq.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Siz gənc nəsil onların əməllərini, ideyalarını həyata keçirəcəksiniz.

Mən bu gün artıq 12 ildir ki, bizim bu şənliklərə dəstək verən Azərbaycanın sənət adamlarına, bütün müğənnilərə, artistlərə öz dərin minnətdarlığımı bildirirəm. Mən sizə Yeni ildə cansağlığı, yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni nailiyyətlər arzulayıram. Qoy, Azərbaycan müstəqilliyimizin əbədiliyi naminə yaşasın, daim yaşasın, güclənsin! Çox sağ olun, sizi təbrik edirəm”.

X X X

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi. Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu. Fondun balacalara hədiyyə etdiyi və iki gün davam edən bu bayram şənliyi uşaqların yaddaşında silinməz iz qoydu.

AZƏRTAC

Paylaş:
1373

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər