ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub
ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub.
ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək.
Hazırkı həmsədr Ceyms Uorlikin səkahiyyət müddəti dekabrın 31-də başa çatır.
Daimi həmsədrin adı isə yaxın vaxtlarda məlum olacaq.
Riçard Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb.
O, Suriyada zorakılığın dayandırılması ilə bağlı Rusiya-ABŞ danışıqlarının hərbi koordinasiyasına rəhbərlik edib. Həmçinin ABŞ dövlət katibinin müavinin birinci müavini vəzifəsini icra edib.
Riçard Hoqland daha öncə ABŞ Dövlət Departamentinin Avropa və Mərkəzi Asiya bürosunun Qafqaz və Mərkəzi Asiya məsələləri ofisinə rəhbərlik edib.
“Səfir Hoqlandın geniş diplomatik təcrübəsi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həlli istiqamətində apardığı işdə çox vacibdir. ABŞ tərəfləri atəşkəs öhdəliyinə əməl etməyi davam etdirməyə, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaları həyata keçirməyə, bütün tərəflərə faydalı ola biləcək nizamlanma üzrə danışıqlara qayıtmağa çağırır”, - deyə səfirliyin məlumatında bildirilir.
APA