“Ermənistanla Azərbaycan arasında sülh platforması” Yeni illə bağlı müraciət qəbul edib
“Ermənistanla Azərbaycan arasında sülh platforması” qarşıdan gələn 2017-ci illə bağlı Ermənistan və Azərbaycan xalqlarına ünvanlanan müraciət qəbul edib.
1news.az-ın redaksiyasına daxil olmuş həmin müraciətin tam mətnini olduğu kimi təqdim edirik:
“Başa çatan 2016-cı il Azərbaycan və Ermənistan xalqları üçün ölkələrimizin vətəndaşları tərəfindən “Ermənistanla Azərbaycan arasında sülh platforması”nın yaradılması ilə əlamətdar oldu.
Qarşıdurmanın bütün dövrü ərzində ilk dəfə olaraq Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin fəalları iki ölkə arasında sülhə nail olmaq və ümumi razılaşma və qarşılıqlı anlaşma ruhunda dialoq vasitəsilə Qarabağ münaqişəsinin davamlı həllini tapmaq üçün dinc təşəbbüslə çıxış ediblər.
Platforma iştirakçılarına göndərilmiş çoxsaylı müsbət şərhlər bu təşəbbüsün bir çox siyasi və ictimai xadimlər tərəfindən böyük dəstək aldığının əyani sübutudur.
Biz qəti əminik ki, tərəfimizdən irəli sürülən təşəbbüs hər iki ölkənin ictimaiyyəti arasında əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacaq və öz xalqının xoşbəxt gələcəyi və sülh üçün çalışan bütün doğru düşüncəli vətəndaşlar tərəfindən dəstəklənəcək.
Şübhəmiz yoxdur ki, “Ermənistanla Azərbaycan arasında sülh platforması” ətrafında birləşən bütün sülhsevər qüvvələrin prinsipial və ardıcıl əməkdaşlığı xalqlarımızın bir-birinə qarşı kin və düşmənçilikdən xilas olmasına imkan verməklə yanaşı, Qarabağ münaqişəsinin həllinə və Azərbaycanla Ermənistan arasında çoxdan gözlənilən və möhkəm sülhün yaranmasını təmin edəcək.
Lakin təəssüf ki, mənasız müharibə 29 dekabr 2016-cı il tarixində sərhəddə baş verən növbəti toqquşmada olduğu kimi gənclərimizin həyatını almaqda davam edir. Biz səmimi qəlbdən Azərbaycan və Ermənistan tərəfdən həyatını itirənləri ailələrinə başsağlığı veririk.
Xalqlarımız gələcəyi bütünlüklə bizim çiyinlərimizin üzərindədir. Ölkələrimizin vətəndaşları inkişaf və tərəqqi yolu ilə irəli getmək istəyirlər. Biz hamımız nəsillərimizin parlaq və gözəl gələcəyi üçün məsuliyyət daşıyırıq. Gəlin gücümüzü biz birimizə qarşı nifrətə, gileyə, təhqirə bə mübahisəyə sərf etməyək.
Gəlin Azərbaycan və Ermənistan xalqlarının ümumi rifahı naminə “Ermənistanla Azərbaycan arasında sülh platforması” iştirakçılarının təşəbbüsü ətrafında birləşək və Cənubi Qafqazın mübarək torpaqlarında sülh və əmin-amanlığın yaranmasına öz töhfəmizi verək.
Yeni il münasibətilə sizə sülh, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayırıq”.
Qeyd edək ki, bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Ermənistan Yazıçılar İttifaqının üzvü Vaaqn Karapetyan, vətəndaş cəmiyyəti fəalları Anait Sinanyan və Armen Karapetyan, Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri), “Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, vətəndaş cəmiyyəti fəalı Pərvanə Məmmədova, Azərbaycan Jurnalistlər İttifaqının üzvü Rasim Ağayev imzalayıblar.
1news.az