Bakıda Qərb KİV-lərinin ajiotajına səbəb olan qatar relsləri ləğv olunur – FOTO – VİDEO
Bakının Neftçilər prospektindəki (Port Baku Mall-un yaxınlığında) tənzimlənməyən qatar relslərinin ləğvinə başlanılıb.
“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəflinin 1news.az-a verdiyi xəbərə görə, yanvarın 4-də relslərin sökülməsinə başlanıb, yaxın zamanlarda isə dəmir yolu tamamilə ləğv olunacaq.
“Relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür. Relslər söküləndən sonra nəqliyyat vasitələrinin Neftçilər prospekti ilə hərəkəti daha təhlükəsiz və rahat olacaq”- deyə, A.Nəcəfli bildirib.
Qeyd edək ki, 2016-cı ilin sonunda İrlandiyanın “İrish Mirror” saytında Bakıda təhlükəsizlik tədbirləri görülmədən 7 zolaqlı prospektin dəmir yolu ilə kəsişməsinə dair məqalə dərc olunub. Bu məqalə isə İrlandiya KİV-lərində böyük rezonans doğurub.
Xatırladaq ki, 2013-cü ildə sözügedən ərazidə hərəkət edən avtomobillərdən biri qatarla toqquşmuş, nəticədə bir neçə nəfər xəsarət almışdı.
1news.az